Martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a məlumat verilib.
Martın 29-dan 30-a keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir. Respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
Sabah atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Martın 30-da isə atmosfer təzyiqinin təzadlı tərəddüdü, güclü xəzri küləyi, ötən günlə müqayisədə havanın temperaturunun qısa müddətdə kəskin enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
Bakıda və Abşeron yarımadasında axşam havanın tutqun olacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Martın 29-da axşam şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.