"Fransız-Azərbaycan Universiteti (UFAZ) Azərbaycan və Fransanın ali təhsil sisteminin uğurlu layihəsidir".
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov UFAZ-ın açılış mərasimində deyib.
Nazir bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd edib: "UFAZ layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin yüksək brendə və təhsilə malik olan universitetləri seçilib. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən təhsil müəssisələrindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik".
Açılış mərasimində iştirak edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, UFAZ layihəsi təhsil sahəsində unikal bir əməkdaşlığın və Fransa-Azərbaycan münasibətlərinin səviyyəsinin göstəricisidir: "Fransız-Azərbaycan Universitetinin yaradılması ilə hər iki ölkə gözəl bir layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib. UFAZ-ın açılışı Azərbaycanda iqtisadi inkişafın və Azərbaycana xarici investisiyanın cəlb olunmasına töhfə verəcək".
Səfir deyib ki, UFAZ-da Fransadan gələn müəllimlər də dərs deyəcəklər.
Xanım Buşezin sözlərinə görə, növbəti tədris ilində UFAZ-da tədris əsaslı təmir olunmuş yeni binada təşkil ediləcək.
Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof isə açılış mərasimindəki çıxışında deyib ki, bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlər aparılıb, işçi heyəti yaradılıb: "Mən düşünürəm ki, UFAZ-ı bitirən tələbələr gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar".