Kosmosdan  sirli siqnal   alındı: başqa planetlərdə  həyat izi   tapılıb?
15 noyabr 2026 14:49 (UTC +04:00)

Kosmosdan sirli siqnal alındı: başqa planetlərdə həyat izi tapılıb?

0

Alimlər kainatda yadplanetli həyatın izlərini axtararkən müəmmalı radiosiqnal qeydə alıblar. Siqnal Yer kürəsindən yüzlərlə işıq ili uzaqlıqda yerləşən və ətrafında üç planetin dövr etdiyi ulduz sistemi istiqamətindən gəlib. Həmin planetlərdən birinin həyat üçün potensial əlverişli zonada yerləşməsi alimlərin marağını daha da artırıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Çin alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu uzaq kosmosdan gələn qeyri-adi radiosiqnal aşkar edib.

Məlumata  görə, NBS 260108 adı verilən siqnal Çinin FAST radioteleskopunun 2021-ci ildə topladığı məlumatların yenidən təhlili zamanı müəyyən edilib.

Sirli siqnal haradan gəlib?

Alimlərin diqqətini Yer kürəsindən 238 işıq ili uzaqlıqda yerləşən K2-155 ulduz sistemi cəlb edib. Bu sistemdə ulduzun ətrafında üç superyer tipli planet dövr edir.

Onlardan biri olan K2-155d həyatın mövcudluğu üçün potensial əlverişli hesab edilən zonada yerləşir. Planetin radiusu Yerin radiusundan təxminən 1,6 dəfə böyükdür. Burada bir il, yəni ulduz ətrafında tam dövr 40,7 Yer sutkası davam edir.

Alimlərin fikrincə, planetin yerləşdiyi zona onun səthində müəyyən şərtlər daxilində maye suyun mövcudluğuna imkan verə bilər. Lakin bu, həmin planetdə həyatın olduğunu təsdiqləmir.

Siqnal niyə alimləri təəccübləndirib?

Tədqiqatçıların diqqətini siqnalın olduqca dar tezlik diapazonunda qeydə alınması çəkib. Belə siqnallar bəzi hallarda süni radioötürücülər üçün xarakterik olur.

Bundan başqa, siqnalın tezliyinin tədricən azalması müşahidə edilib. Alimlər bunun mənbənin Yerə nəzərən hərəkəti ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

Maraqlıdır ki, siqnal FAST teleskopunun 19 qəbuledici şüasından yalnız birində, məhz K2-155 sisteminə yönəlmiş şüada qeydə alınıb.

Siqnal həmçinin YY polyarizasiya kanalında müşahidə edilsə də, XX kanalında aşkar edilməyib. Bu xüsusiyyətlər onun mənşəyinin daha ətraflı araşdırılmasını zəruri edir.

Bu, yadplanetlilərin göndərdiyi mesaj ola bilərmi?

Alimlər bildirirlər ki, qeyri-adi radiosiqnalın aşkarlanması onun yadplanetli sivilizasiyadan gəldiyini sübut etmir.

Siqnalın Yer mənşəli texniki müdaxilə və ya radioelektron maneə nəticəsində yaranması ehtimalı da mövcuddur.

Buna görə tədqiqatçılar FAST teleskopunun bütün 19 qəbuledici şüasından əldə olunan məlumatların təhlilini təkmilləşdirməyi və əlavə yoxlamalar aparmağı planlaşdırırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar