Baş nazir Artur Rasizadə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara edilən dəyişikliklər ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalının tam qadağan edilməsi ilə əlaqədardır.
Bundan sonra respublikaya idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.
Həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası”na da dəyişiklik edilib. Bundan sonra alıcıların seçim etmək hüququnu təmin etmək məqsədi ilə deyil, ümumiyyətlə, Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.