“Dövlət orqanları ilə bələdiyyələrin arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində müəyyən problemlər var. Bu problemlər imkan vermir ki, bələdiyyələr səmərəli fəaliyyət göstərsin”.
Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib. O qeyd edib ki, təşkilati-struktur işlərində, maliyyə-iqtisadi məsələlərində problemlər var. Bu sahədə mövcud olan problemləri aradan qaldıra bilsək, onda bələdiyyələrin işində böyük dönüş yarana bilər: “Hazırda bununla əlaqədar müvafiq tədbirlər görülür. Təşkilati-hüquqi məsələnin tənzimlənməsində mövcud olan problemlərin aradan qaldırılmasında ən vacib məsələ qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi prosesidir. Hamıya məlumdur ki, ölkədə qanunvericiliyin təkmilləşdirilməsi prosesi gedir. O cümlədən, bələdiyyələr haqqında qanunlar da bu prosesdən kənarda qalmır. Hüquqi təminat məsələsi də olsa, qeyd etdiyim problemlər aradan qalxmış olar”.
M. Səlimzadənin sözlərinə görə, bələdiyyələrin işinə maneçilik törədən amillər aradan qaldırılmaqdadır. Maliyyə-iqtisadi məsələlər də mütləq həllini tapmalıdır. Çünki bələdiyyələrin səlahiyyətləri çərçivəsində öz işlərini görmək üçün maliyyə imkanları uyğun gəlmir. “2012-ci ilin yekununa görə, bələdiyyələrin 35 milyon manat gəliri olub. Əgər biz bunu 1718 bələdiyyə arasında bölmüş olsaq, hər ay bir bələdiyyəyə təxminən 1500 manat pul düşür. Müəyyən əraziləri əhatə edən bələdiyyələrə səlahiyyətləri ilə müqayisədə 1500 manat imkan verirmi ki, bu işləri həyata keçirsin? Əlbəttə ki, yox. Bələdiyyələrin özləri alternativ, yeni maliyyə mənbələri axtarmalıdırlar ki, maliyyə imkanlarını artıra bilsinlər. Bələdiyyə sədri hesab edir ki, dövlət vəsait ayıracaq və o da həmin vəsaiti xərcləyib işlərini görəcək. Amma belə olmamalıdır. Bələdiyyə özünün gəlir mənbələrindən əlavə yeni axtarışlarda olmalıdır. Eyni zamanda, problemlərdən biri də budur ki, bələdiyyə vəsaitlərinin düzgün xərclənməməsi halları var. Həmin vəsaitlər yeni iş yerlərinin açılmasına və s. xərclənməli idi. Amma yerli özünüidarə orqanları bunu etmədilər” - deyə, mərkəz rəisi əlavə edib.