Jurnalistlərə dövlət orqanlarından informasiya əldə etmək üçün əsas yardımçı qurumlardan biri də həmin orqanların mətbuat xidmətləridir. Təəssüf ki, bəzi dövlət qurumları jurnalistlərə informasiya vermək əvəzinə, jurnalistlərdən qaçır. Ancaq hər bir mətbuat xidmətinin rəhbərinə məlumdur ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq həm təmsil etdiyi qurum, həm də onun öz işi üçün xeyirlidir. Bununla belə jurnalistləri unutmayan və hər zaman onlarla sıx ünsiyyətdə olmağa maraq göstərən mətbuat katibləri də az deyil. Məsələ ilə bağlı müxtəlif KİV-də çalışan jurnalistlər fikirlərini Lent.az-a bölüşüblər.
Lent.az informasiya agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Bakı Şəhər Təhsil İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dəmir Yolları QSC, Dövlət Sosial Müdafiə Fondu, “Azərsu” ASC, Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərinin fəaliyyətindən razı qaldığını bildirib. O, Təhsil və Səhiyyə nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətindən isə narazılıq edib, bu qurumların faktiki fəaliyyət göstərmədiyini vurğulayıb.
“Kaspi” qəzetinin reportyoru Elgün Mənsimov isə vurğulayıb ki, bu məsələ jurnalistlərin ən ağrılı yeridir: “Təəssüflər olsun ki, bir çox hallarda bizim dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri öz vəzifəsinin mahiyyətini bilmirlər. Hətta, bəzən unudurlar ki, niyə görə rəhbərlik etdiyi şöbənin adı, məhz mətbuat xidmətidir!
O ki qaldı hansı nazirliklər jurnalistlərə daha açıqdır, mən burada ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adını çəkmək istərdim. Çünki, günün istənilən vaxtı nazirliyin mətbuat xidməti, eləcə də digər şöbələri jurnalistlərə çox açıqdır. Yəni ehtiyac yarandıqda zəng edib istədiyin məlumatı ala bilirsən.
Daha sonrakı sıralarda Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini görürəm. Məni daha çox incidən nazirliklər isə birinci növbədə Təhsil Nazirliyi, daha sonra Səhiyyə Nazirliyidir. Bu sıraya Nəqliyyat Nazirliyini də salmaq olar. Amma insafən deyək ki, gün ərzində mücadilə etməklə Namiq Həsənovu tapmaq mümkündür. Bu nazirliklərin ayrı-ayrı qurumlarına asanlıqla çıxa bilsək də, mətbuat xidmətinin rəhbərini tapmaq müşkül məsələ olur”.
E. Məsimov təəssüflə qeyd edib ki, bəzən insanlarla davranışda da, nazirlik əməkdaşlarının problemlərini görürük.
ANN.az saytının müxbiri Elmir Murad isə ilk növbədə razı qaldıqları mətbuat xidmətlərinin adlarını çəkib: “Mətbuat Xidmətləri rəhbərlərinin içərisində Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov, Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı və “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllıdan çox razıyam, bu mətbuat katibləri demək olar ki, günün hansı vaxtı istəsən tapıb sualları cavablandırırlar”. E. Muradın narazı olduğu mətbuat xidmətlərinə gəlincə, o, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu və Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbərinin adlarını çəkib.
aznews.az saytının əməkdaşı Vasif Həsənlinin də razı qaldığı mətbuat katibləri var. O, Daxili İşlər Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi, Daxili Qoşunların Baş İdarəsi, Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nazirlər Kabineti, Təhsil Nazirliyinin və eyni zamanda Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətlərinin jurnalistlərlə ünsiyyətindən razılıq bildirib. Digər qurumların mətbuat xidmətlərindən isə narazı olduğunu vurğulayıb.
Gün.az saytının əməkdaşı Fərid Ədalət Baş Prokurorluğun və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Şəhər Meriyasının mətbuat xidmətlərindən narazılıq etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş qiymətləndirib. O, AZAL, TQDK və Nazirlər Kabinetinin mətbuat xidmətlərindən razılığını bildirib.
“Azadinform”-un əməkdaşı Elcan Salmanqızı isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin jurnalistlərə münasibətindən razılıq bildirib: “Təəssüf ki, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti və Statistika Komitəsinin jurnalistlərə münasibəti məni qane etmir”.
Modern.az saytının əməkdaşı Mail Ağaxanov ümumilikdə mətbuat xidmətləri rəhbərlərinin fəaliyyətini elə də yüksək qiymətləndirmir: “Ümumilikdə 3-4 mətbuat xidməti çıxmaqla qalanlar demək olar ki, çox passivdirlər. Nə vaxt zəng edirik, telefonları ya məşğul olur, yada yeməkdə olurlar. Ad çəkilməyinə gəlincə isə Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən Orxan Əlini, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Ekologiya Nazirliyindən İradə İbrahimova, TQDK-dan Elnur Nağızadə, Rabitə Nazirliyindən Muşviq Əmirov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Cahangir Qocayevi, Maliyyə Nazirliyindən Mais Piriyevi, Səhiyyə Nazirliyindən Anar Qədirlini, Xarici İşlər Nazirliyindən Elman Abdullayevi, Kənd Təsərrüfatı Nazirliyindən Murtuzəli Hacıyevi mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətlərindən razıyam. Bundan başqa, Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının da bir jurnalist olaraq, fəaliyyətini yüksək qiymətləndirirəm.
Modern.az-ın əməkdaşını narazı qaldığı mətbuat katibləri də az deyil: “Bir çox mətbuat xidmətlərin rəhbərlərinin adlarını passivlər siyahısına salmaq olar. Məsələn Ədliyyə Nazirliyi, Ombutsman, Təhsil Nazirliyi və digər qurumların mətbuat xidmətlərinin rəhbərlərinin adlarını çəkə bilərəm”.
APA İnformasiya Agentliyinin əməkdaşı Könül Kamilqızı isə mətbuat xidmətlərinin işini yaxşı, normal və pis olmaqla 3 kateqoriyaya bölüb: “Mənim işlədiyim sahələr üzrə mətbuat xidmətləri ilə heç bir zaman problemim olmayıb. Düşünürəm ki, özüm işlədiyim sahələr, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə xanım, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədov, dövlət baytarlıq xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli yaxşı işləyirlər. Düzdür, bir çox hallarda jurnalistlərin əksəriyyəti təhsil və səhiyyə nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətindən şikayətlənsələr də mən elə düşünmürəm. Çünki Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mənim hər zaman telefonlarıma cavab verərək bütün lazımi köməklikləri göstərirlər. İşlədiyim sahələr üzrə fəaliyyətini pis qiymətləndirdiyim mətbuat xidməti yoxdur”.
Trend İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva yalnız əməkdaşlıq etdiyi mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyəti barədə danışıb. İ. İsabalayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova onun suallarını hər zaman cavablandırmağa çalışıb: “Sualla bağlı daha geniş məlumat yazmağımız üçün hətta nazirliyin məsul əməkdaşları ilə əlaqə yaratmağımıza da böyük kömək edir. Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı sualın cavabını ləngitmədən idarənin fəaliyyəti ilə bağlı istənilən suala cavab verə bilir. Belə mətbuat xidmətinin rəhbəri ilə işləmək cox rahatdır”. Trend-in əməkdaşı Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, TQDK və BDU-nun mətbuat xidmətlərinin rəhbərlərindən razılıq edib. “Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarından çox razıyam. Məncə, onlar öz səlahiyyətləri çərçivəsində jurnalistlərlə işləməyə çalışırlar” - deyə, İ. İsabalayeva əlavə edib.
“Xüsusən də ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan, TQDK-nın mətbuat katibi Elnur Nağızadədən, Gənclər və İdman Nazirliyinin indi xaricdə təhsil alan mətbuat katibi Səmayə Məmmədovadan, Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovdan, Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat katibi Vüsalə Rafiqqızı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızıdan çox razıyam. Onlar hər zaman mətbuata açıq insandırlar”. Bunu isə APA İnformasiya Agentliyinin müxbiri Kəmalə Quliyeva bildirib.
SİA İnformasiya Agentliyinin əməkdaşı Nərmin Nəsirli İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Təhsil Nazirliklərinin və eyni zamanda, TQDK-nın mətbuat xidmətlərindən razılığını bildirib.
Başa vurduğumuz ildə dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti jurnalistlərin yaddaşında bu cür qalıb. Jurnalistlərə hər zaman hörmətlə yanaşan mətbuat katiblərinə təşəkkür edirik, KİV əməkdaşlarından qaçan mətbuat xidməti rəhbərlərinə isə vəzifələrinin məsuliyyətini dərk etməyi arzu edirik.