Aprelin 24-25-də Xəzər dənizinin Su Bioresursları Komissiyasının 33-cü iclası olacaq. İclas Azərbaycan tərəfinin sədrliyi ilə paytaxtımızda baş tutacaq.
Burada Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edəcək. Bu barədə Lent. az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclasın gündəliyinə əsasən, balıq ovu kvotasının mənimsənilməsi, süni balıqartırma və balıq ehtiyatlarının mühafizəsi üzrə 2011-2012-ci illərdə görülən işlər barədə məlumat veriləcək, balıq ehtiyatlarının vəziyyəti barədə hesabatlar təqdim olunacaq, 2013-cü il üçün Xəzər dənizində su bioresurslarının ümumi ovunun həddi və onun milli kvotalara bölünməsi məsələsinə baxılacaq.
İclasda nərəcinsli balıqların sənaye ovuna qadağa qoyulmasına aydınlıq gətiriləcək.
Rusiyanın təklif etdiyi “Xəzər dənizində nərəcinsli balıqların ehtiyatlarının qorunması barədə” Saziş layihəsi müzakirəyə çıxarılacaq.
Bundan başqa, Türkmənistanın irəli sürdüyü “Xəzər dənizinin su bioresurslarının qorunması və ehtiyatlarından səmərəli istifadə edilməsi” barədə Saziş layihəsi müzakirə olunacaq.
Növbəti iki ildə iclasa Rusiya sədrlik edəcək.