Dostluq sınanmış münasibətlərin yekunudur. Amma biz həmişə bunun ötəsini yaşadıq... Və bu ötəliyin düz 15 yaşı var. Bir-birinə oxşar dəyər verən insanlar üçün nələrə eyham vurduğumuz sirr deyil. Mənə dəyərli və dəyərləri olan əziz dostum Nicat Dağlar haqqında məhz bu motivdə yazı hazırlamaq nə qədər çətin olsa da, etiraf etməliyəm ki, içimdə izahı çətin olan bir məmnunluq hissi də var... O mənada ki, başına gəlmiş NAXOŞ olayla Azərbaycan mətbuatını sarsıtmış Nicatın Almaniyadakı müayinə və müalicə prosesini yerində öyrənmək və onun durumu barədə xəbərləri NİGARAN olanlarla bölüşmək məhz mənə nəsib oldu... Nə xoş ki, bu nigaran insanlar arasında prezident İlham Əliyevin öz də var!
Bad Vildungen
Varşava-Bad Vildungen: 954 kilometr və 10 saatlıq bir məsafə... Dəfələrlə bu yolu getməyimə baxmayaraq, bu dəfə səbəbi əlahiddə, özü isə qat-qat ağır olan bu yolçuluğun qəddini özünün məxsusi formada təskinliyə ehtiyacı olan Nicatın narahat zəngləri ilə qıra bildim. Nicat həmişəki kimi gümrah deyil, alışmadığım solğun səslə, tələsməməyimi, ehtiyatlı olmağımı tövsiyə edirdi. Mənsə tələsirdim...
...Əsrarəngiz təbiəti olan bu yığcam, sakit şəhərcik Avropada daha çox ağır mahiyyətli xəstəliklərin şəfa ocağı kimi tanınır. Şəhərin məşhur pasiyentləri sırasında Mixail Qorbaçov, İosif Kabzon və digər dünyaca məşhur ictimai-siyasi xadimlər və sənət adamları olub. Buranın özəlliklərindən biri də odur ki, şəhərdəki klinikalarda dünyanın hər yerindən seçilmiş həkimlər çalışır.
Mənzil başına gecə yarısı çatdım. Nicatı ayaq üstə görməyim bir yana, onun mənəvi-psixoloji durumu məni olduqca məmnun etdi. Eyni ağırlıqları yaşamış biri kimi etiraf etməliyəm ki, Nicat böyük iradə nümayiş etdirərək ciddi bir xəstəliklə mübarizədə artıq həqiqətən görünən üstünlük qazanıb. Görüşərkən “QORXMA, YAŞAYACAM” dedi və özünü gümrah göstərməyə çalışdı. Fəqət bu mənim sonuncu dəfə iki il öncə gördüyüm qamət deyildi... O “toppuş” deyib cırnatdığım Nicatdan əsər-əlamət yox idi. Bu, insan həyatında az olan hallardan biridir ki, adam özünü heç nə olmayıbmış kimi apara bilmir və xəstəliyin yaratdığı komplekslər Nicatdan da yan keçməmişdi. Əslində mən DAĞLARI əridən səbəbləri əzbər bilirdim və onun məlum durumu ilə bağlı xəbəri aldığım andan hami kimi ənənəvi olaraq bu bəlanın hansısa genetik özəlliklərlə bağlı olduğunu heç ağlıma da gətirmədim. Bunun məhz bildiyim səbəblərdən törədiyinə əmin idim: bir insan bir neçə dəvənin yükünü daha nə qədər çəkə bilərdi ki... Amma o, yenə də nikbindir. Xəstəliyi yenəcəyinə inanır. Nicat deyir uşaq vaxtı tez-tez “dava-dava” oynayarmış: Oyunda ənənəvi olaraq iki tərəf olurdu: “Nemeslər” və sovet əsgərləri. Mən həmişə “nemeslər” tərəfdən “döyüşürdüm” və müharibənin nəticəsinin tam əksinə olaraq, biz qalib gələrdik. Nə qədər qəribə olsa da mən yenə də davadayam. İndi qanımdakı AĞLARLA QIRMIZILAR döyüşür. Bu dəfə mütləq QIRMIZILAR qalib gələcək.
...Bad Vildungen spesifik klinikaların kompakt yerləşdiyi, mineral təbii ehtiyatlarla zəngin, həm də ümidlərin CÜCƏRDİYİ yerdir.
“Yetər ki, sən tükənən ümidlərini burada ək – BİTƏCƏK!” Psixoloji konsultasiya zamanı həkimin bu yanaşmasına Nicatın özünəməxsus cavabı daha yaddaqalan oldu: “Həkim, mən bura psixoloji baxımdan tam sağlam vəziyyətdə gəlmişəm. Bilirəm, bu sizi təəccübləndirəcək, amma deməliyəm ki, bu, məhz ölkəmizin prezidentinin sayəsində baş verib”. Həkim doğrudan da təəccübünü gizlətmədi. Bizim qısa izahımızdan sonra onun təəccüb dolu görkəmi məmnunluq cizgilərilə əvəzləndi.
Allahın möcüzəsi
Terapevtin tövsiyəsinə uyğun olaraq mineral bulaqların olduğu xüsusi əraziyə yollandıq. Yol boyu Nicatı müxtəlif mövzularda söhbətə tutaraq, onun büruzə vermək istəmədiyi ağırlığını unutdurmağa çalışdım. O həmişəki kimi maraqlı və səmimi idi...
“Qardaş, mən bəlkə sənin də təsəvvürünə gətirmədiyin dərəcədə dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişəm. Tiflisdə, Gəncədə, Bakıda olduğu kimi burada da telefon zənglərinin ardı-arası kəsilmir. Prezidentin göstərişi ilə müalicə prosesinə xüsusi məsul şəxslər nəzarət edir. Bildiyin kimi, müayinə və müalicə xərcləri dövlət tərəfindən qarşılanıb, rahatlığım üçün hər bir şərait yaradılıb. Bütün bunlar mənim bu xəstəliyi yenəcəyimə əminliyimi artırır. Sən mənim bura gələnə kimi hansı durumda olduğumu görməmişdin. Son bir ay ərzində mən sürətlə çəki itirirdim. Burnumdan qanaxmalar baş verirdi. Gürcüstanda təyin olunmuş, eyni zamanda alman həkimlərinin də təsdiqlədiyi olduqca bahalı və o zaman mənim üçün əlçatmaz olan dərmanlar hesabına artıq dirçəlirəm. Burada da əlavə preparatlar qəbul edirəm və artıq gördüyün kimi ayaq üstəyəm. Əslində, bu mənim üçün Allahın möcüzəsidir. Mən bu möcüzəni əl açıb Allahdan istəmişdim. Ertəsi gün möcüzə baş verdi. Bu, prezident İlham Əliyevin mənimlə bağlı məlum göstərişi idi. Və təbii ki, məsələnin ictimailəşdirilməsində bizim ümumi dostlarımızın, millət vəkillərinin, Mətbuat Şurasının və media qurumlarının böyük əməyi oldu. Onlar mənə böyük ruh verdilər. Allah onların hamısından razı olsun. Amma təəssüf ki, gəncliyimi, sağlamlığımı qurban verdiyim düşərgənin təmsilçilərini mənim, ailəmin və körpə balalarımın taleyi maraqlandırmadı. Adi bir telefon zəngi səviyyəsində belə... Bilmirəm bu hansı əxlaqa sığır, amma məni prezidentin dəstəyini qəbul etdiyimə görə qınayanlar da tapıldı. Mən ölüm ayağında olduğum bir vaxtda bu adamlar yenə də öz maraqlarının hayında idilər. Təsəvvür elə, Mirsamirlə Aycan başını dizlərimə qoyub, “ata, sənə nə olub” – deyə ağlayırdılar. Mən isə sanki vidalaşırmış kimi onların saçlarını qoxlayırdım. Bax belə bir vəziyyətdə prezidentin məlum göstərişini eşitdim. Onun bu böyüklüyünün qarşılığında mən ona, ailəsinə, balalarına can sağlığı arzulayıram. Və bütün bunlar bir şeyi mütləq şəkildə şərtləndirir: mən, ətrafıma, fəaliyyətimə bir daha nəzər yetirməliyəm. Şükürlər olsun ki, mən artıq dünən olduğu kimi xəstəlik barədə deyil, gələcək planlar barədə düşünürəm. Buna kimi isə öncə tam olaraq sağlamlığımı, daha sonra isə ambisiyalarımı bərpa etməliyəm. Əminəm ki, bu mümkündür və mən yenidən fəaliyyətimi bərpa edib vətənimə, millətimə və dövlətimə xidmət edəcəm. Qardaş, sən də əmin ol ki, Allahın köməkliyi ilə nicatımı mütləq tapacam” –deyə, Nicat aram-aram danışdı bunları...
Beləcə Bad Vildungendə unudulmaz iki gün yaşadım. Görüşüb ayrılarkən Nicatın gözlərində işıq da gördüm. Bu, Nicatın sağalacağına inam, xəstəliyin kürəyini yerə vuracağına əminlik işığı idi...
Mən sənə inandım, əziz qardaşım - sağalacaqsan, yaşayacaqsan!
Şövqi Vaqifoğlu
Varşava-Bad Vildungen
musavat.com