Bakıda yeni qaydalar əsasında ünvanların verilməsi və müasir dizaynlı lövhələrin quraşdırılmasına başlanılıb.
Artıq 500-dən çox küçə və prospektdə yeni ünvanlar quraşdırılıb. Proses ilin sonunadək başa çatdırılacaq.
Yeni qaydaların tətbiqi sənədsiz evlərin ünvan problemini də həll edəcək.
Yeni ünvan sisteminin tətbiqi çoxlu sayda sosial, iqtisadi və hüquqi poblemləri də aradan qaldıracaq.
Daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı deyir ki, ünvan vermə sistemində əsas problemlərə sənədsiz evlərdə, həmçinin son dövrlərdə inşa edilən hündür mərtəbəli binalar və fərdi yaşayış evlərində rast gəlinir.
Əmlak Məsələlri üzrə Dövlət Komitəsinin Kadastr Mərkəzinin direktoru Ramiz Quliyev isə bildirir ki, ölkədə ünvanvermə sistemində yeni qaydaların ilin sonunadək tam tətbiqi 450 mindən çox sənədsiz evin ünvan problemini aradan qaldıracaq.
Artıq Bakıda 500-dən çox küçə və prospektdə yeni ünvan adları və nömrələr verilib. Bakı üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə təzə lövhələri asılacaq. Hələliksə Cənubi Koreya da istehsal olunaraq ölkəmizə gətirilən bu yeni dizaynlı ünvan lövhələri mərkəzdə Heydər Əliyev prospekti və Əziz Əliyev küçəsində quraşdırılır. Təzə qaydalara əsasən, artıq daşınmaz əmlak obyektlərinin ünvanları adlardan deyil, 32 hərf və rəqəmdən ibarət kodlardır.
Belə ki, artıq hər hansı daşınmaz əmlakın ünvanı hazırlanarkən küçə adından sonra birbaşa onun girişi göstərilir. Bütün küçələrin sol tərəfi tək, sağ tərəfi isə cüt nömrələrlə nişanlanır.
Mərkəzləşdirilmiş Ünvan İnformasiya Sistemində daşınmaz əmlakların ünvanları həm mətn şəklində, həm də koordinatlarla göstərilir. Ünvanvermə isə elektron şəkildə həyata keçirilir və bundan sonra vətəndaşların şəxsiyyət vəsiqələrində də küçələrin adları deyil, kodları qeyd olunacaq. Nəticədə küçələrin adları dəyişəndə ünvanlar dəyişilməyəcək.
ANSPRESS