Cəmiyyətinin Əsasnaməsi imzalanıb
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin iclası keçirilib və cəmiyyətin Əsasnaməsi imzalanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iclasda cəmiyyətin sədri, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və cəmiyyətin üzvləri iştirak ediblər.
Stepan Mesiç Xorvatiya ilə Azərbaycan arasında səmimi əlaqələrin qurulduğunu və bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu söyləyib. O, Dostluq Cəmiyyətinin bu istiqamətdə fəal rol oynayacağına əminlik ifadə edib. Kamil Xasiyev isə Azərbaycanla Xorvatiya arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin 10-12 mart tarixlərində həyata keçirdiyi səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini xüsusi vurğulayıb.
Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi dövlət qeydiyyatına alındığını bildirib. O, Cəmiyyətin işləri və planlaşdırılan tədbirlər barədə danışıb.