Sərvin Cavadzadə
17 dekabr 2020 13:01 (UTC +04:00)

Sərvin Cavadzadə

Yaddaşını itirən qazi: adını xatırlamır, müharibəni isə olduğu kimi təsvir edir - REPORTAJ

0

“Adımı divarlara yazıb göndərirlər ki, bax, təsəlli tap. Adımı xatırlamıram özüm. İndi nəsə bir ad deyirlər, amma nə edim? Xatırlamıram”.

Gizir Sərvin Cavadzadə 1996-cı ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin sırasına qoşulub.

Sərvin Vətən Müharibəsində sərhədçi gizir kimi iştirak edib. Döyüşlərin birində aldığı travmadan dolayı indiyə qədərki həyatını, hətta adını və ailəsini də xatırlamır, amma döyüşdə baş verən hər şey kino lenti kimi gözləri önündədir:

“Biz posta qalxanda, bizi minaatanlardan atəşə tutdular. Yanına mərmi düşdü, bir mayorumuz huşsuz vəziyyətdəydi. Yoldaşlarım onu çıxaranda, mən də arxadan kömək edirdim ki, heç olmasa, onu vurmasınlar. Onların səngərlərində oyuqlar vardı. Özümü oyuqlardan birinə atanda, başımın arxasından nəsə hiss etdim. Elə bil dünya dağıldı,  özümü itirdim”.

Sərvin Füzuli-Cəbrayıl-Zəngilan istiqamətlərindəki döyüşləri xatırlayır. Baş verənlər barədə danışanda isə tez-tez döyüş yoldaşlarının adını çəkir, aralarındakı dostluq-qardaşlıqdan danışır:

“Bir yoldaşım məni çıxardı oradan. Kapitanımız, rəhmətlik Aşur Cəmiyevə məlumat verdik. O da məni öpüb qucaqladı ki, sən bizim fəxrimizsən, narahat olma, gəl səni hospitala yollayaq”.

“Bu postda şəhidlərimiz can qoyub” deyən Sərvin hospitala getməkdən imtina edib və döyüşə davam etmək istəyib. Sərvin istəyinə nail olub və Azərbaycan Ordusunun könüllülərdən ibarət dəstəsi postu təhvil alana qədər orada vuruşub: “Postu təhvil verib qayıtdıq. Üç gün də Füzulidə qaldım. Dedim, getmək istəmirəm tibbə, döyüşmək istəyirəm. Məni birtəhər göndərdilər hospitala. Sonra da belə, artıq 2-3 aydır ana-ata, heç kimi  xatırlamıram”.

Qazinin atası Talıb Cavadov deyir ki, digər iki oğlu da Vətən Müharibəsində iştirak edib: “Mənim böyük oğlum da hərbçidir. Ən kiçiyi də əsgərdir, hazırda döyüş bölgəsindədir. Komandiri zəng edib böyük qardaşına demişdi ki, Füzuli rayonunun Böyük Bəhmənli kənd hospitalına göndərilib. Ardınca Bakıya, DSX-nin hospitalına gətirildi. 15 gün müalicə aldıqdan sonra evə ambulator müalicəyə buraxıldı”.

Sərvinin anası Məhfuzə Cavadova oğlanları ilə qürur duyur: “Mənim çox xoşum gəlirdi bu formadan. Mən özüm istəmişəm. Şükür Allaha, uşaqlarımın da həvəsi oldu, özləri getdilər. Bu gün mən oğlanlarımın üçü ilə də fəxr edirəm. Üçü də hərbçidir”.

Həkimlər Sərvinin vəziyyətini qənaətbəxş qiymətləndirir, beş-altı ay ərzində sağalacağını deyirlər. Özü isə vətənin Qarabağ yarasının sağalmasında rol oynadığı üçün xoşbəxtdir. Ailənin dilindən “Vətən sağ olsun!” cümləsi düşmür.

İslam Qədirli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4667

Oxşar yazılar