Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir.
Lent.az-a AQTA-dan bildirilib ki, qarşıda duran növbəti addımları müzakirə etmək məqsədilə Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib.
Tədbirdə Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkəmizə qonşu Gürcüstandan miqrasiya edən və şimal-qərb və qərb regionlarında kütləvi şəkildə aşkarlanan Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin qışlama yerlərinin aşkarlaması məqsədilə keçirilən monitorinqlərin intensivliyi artırılıb. Bununla yanaşı, yerli əhali və sahibkarlarla görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilir. Maarifləndirici çap materialları yerli əhali arasında paylanır və müvafiq sahələrə yerləşdirilir. Eləcə də mediada məlumatlar yayımlanır, sosial şəbəkələrdə posterlər paylaşılır.
Aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində müəyyən edilib ki, qışlama dövründə olan zərərverici yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda daha çox müşahidə edilməkdədir. Təhlillər göstərir ki, zərərvericinin qapalı məkanlarda çoxlu sayda toplanması populyasiyasının qorunub saxlanmasına və növbəti vegetasiya dövrlərində ciddi iqtisadi risklərin yaranmasına gətirib çıxara bilər.
Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasının insan sağlamlığı üçün yarada biləcəyi riskləri nəzərə alaraq, vətəndaşların mübarizə tədbirlərində yaxından iştirakı olduqca vacibdir. Bu səbəbdən sahibkarlar, fermerlər və sakinlər özləri evlərdə və təsərrüfat sahələrində aktiv müşahidə aparmalı, zərərvericini mexaniki üsullarla toplamaqla məhv etməlidir. Evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə, eləcə də təsərrüfatlarda zərərverici ilə mübarizə tədbirləri həyata keçirilməli, mexaniki yolla (əl ilə toplayaraq məhv etmək) təmizləmə işləri aparılmalıdır.
Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında təşviqat işlərinin aparılması və yerli sakinlərin mübarizə tədbirlərinə cəlb edilməsi üçün ictimaiyyət nümayəndələri ilə görüşlər də keçirilir.
Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər:
+994 99 708 85 88 (Qərb rayonları üzrə)
+994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)