Maliyyə müstəqilliyi, karyera uğuru və ya sadəcə sabaha inam hissi bir çox insanın əsas hədəfləridir. Psixoloqlar isə bildirirlər ki, bu məqsədlərə gedən yolda qarşıya çıxan maneələr çox vaxt xarici deyil, məhz daxili olur. Üstəlik, ilk baxışda zərərsiz görünən bir vərdiş tədricən enerjini azaldır, öz gücünə inamı zəiflədir və irəliləməyə mane olur.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, mütəxəssislər deyirlər ki, bu vərdiş nə qədər güclüdürsə, insanın zəhməti, ağılı və bacarığı olsa belə, imkanlar, pul və uğur ondan uzaq durur.
Uğuru bloklayan vərdiş hansıdır?
Psixoloqların fikrincə, əsas maneə daimi özünütənqiddir. Uzmanlar bildirirlər ki, fasiləsiz özünü qınamaq çox vaxt ən istedadlı insanların belə inkişafdan qalmasının başlıca səbəblərindən biridir.
“Bacarmayacağam”, “Mən buna layiq deyiləm”, “Digərləri məndən daha yaxşıdır” kimi düşüncələr insanla onun imkanları arasında görünməz sədd yaradır. Beyin bu qəlib ifadələri “risk etmə, başlamama, dəyişmə” siqnalı kimi qəbul edir. Nəticədə hətta açıq-aşkar şanslar belə təhlükəli və əlçatmaz görünür.
Mütəxəssislər nə deyir?
Psixoloqlar və şəxsi inkişaf üzrə kouçlar vurğulayırlar ki, özünütənqid əslində qorxunun təzahürüdür. İnsan səhvlərdən qorunmaq istəyir, amma əksinə, öz inkişaf tempini yavaşladır.
Harvard Universitetinin araşdırmaları göstərir ki, daxili dialoqunda özünü dəstəkləyən, özünə qarşı ittihamdan uzaq olan insanlar hədəflərinə 2–3 dəfə daha tez çatırlar.
Özünütənqidlə necə mübarizə aparmalı?
1. Fikirləri dəyişdirin
“Bacarmayacağam” əvəzinə “Bunu öyrənirəm” deyin. Bu zaman diqqət məğlubiyyətdən inkişaf prosesinə keçir və beyin həll yolu axtarmağa başlayır.
2. “Uğur gündəliyi” aparın
Hər gün ən azı üç uğurunuzu, hətta kiçik nailiyyətləri də yazın. Bu, özünə inamı gücləndirir.
3. Dəstək mühiti yaradın
Sizə inanan və ilham verən insanlarla ünsiyyət motivasiyanın ən güclü mənbəyidir və özünütənqid vərdişinin sındırılmasına kömək edir.
4. Səhvlərə sakit yanaşın
Uğurlu insanlar səhvdən qorxmur, onu təcrübə hesab edirlər. Səhvlərə görə özünüzü bağışlamaq inkişaf və yeni nailiyyətlər üçün qapı açır.