BYD sürətli enerji doldurma funksiyası və gizli qapı tutacaqları ilə təchiz edilmiş yeni BYD Atto 3 modelini təqdim edib. Modelin rəsmi satışa çıxarılması 21 may tarixinə planlaşdırılıb.
Lent.az xəbər verir ki, Çindəki diler mərkəzləri artıq yeni BYD Atto 3 modelini qəbul etməyə başlayıblar. Avtomobil Çin bazarında BYD Yuan Plus adı ilə satışa təqdim olunur.
240 kVt gücündə arxa ötürücülü versiya Blade Battery akkumulyatorları və sürətli enerji doldurma sistemi ilə təchiz edilib. Bunlar əvvəlki modellə müqayisədə əsas texniki yeniliklər hesab edilir.
İlk dəfə Pekin Avtosalonunda nümayiş etdirilən model artıq bir sıra salonlarda ilkin baxış və təqdimat üçün əlçatan olub.

Komplektasiyadan asılı olaraq avtomobilin CLTC standartı üzrə yürüş ehtiyatı 630 kilometrə qədər çatır. İlkin məlumatlara görə, enerji sərfiyyatı hər 100 kilometrə 11,8–12,1 kVt/saat təşkil edir. BYD həmçinin yenilənmiş şassi paketinə adaptiv Yun-N C amortizasiya sistemini də daxil edib.
Yeni modelin uzunluğu 4665, eni 1895, hündürlüyü 1675 və təkər bazası 2770 mm-dir.
Artırılmış təkər bazasının arxa oturacaq sırasını daha geniş etməsi və eyni zamanda krossoverin kompakt proporsiyalarını qoruması nəzərdə tutulur.
Eksteryer dizaynı da yenilənib. Model altı fərqli kuzov rəngi, o cümlədən ikirəngli variantlarla təqdim ediləcək. Avtomobildə yarımgizli qapı tutacaqları və LED işıq zolağı ilə birləşdirilmiş yenilənmiş arxa fənərlər istifadə olunub. Arxa dayaqlardakı dekorativ elementlərin rəngi də avtomobilin versiyasına uyğun dəyişə bilir.