Süni intellekt  hansı fəlakətlər gətirə bilər? - Alimlər AÇIQLADI
13 dekabr 2025 15:11 (UTC +04:00)

Süni intellekt hansı fəlakətlər gətirə bilər? - Alimlər AÇIQLADI

0

Neyron şəbəkələri üzrə mütəxəssis süni intellektin riskləri barədə xəbərdarlıq edib və bu risklərin təkcə iş yerləri ilə məhdudlaşmayaraq qlobal siyasət və iqtisadiyyata da təsir göstərə biləcəyini bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müasir süni intellektin öncüllərindən biri olan Ceffri Ginton texnologiyaların iri texnoloji şirkətlərin nəzarəti altında çox sürətlə inkişaf etməsindən ciddi narahatlığını ifadə edib. O xəbərdarlıq edib ki, süni intellektin lazımi təhlükəsizlik tədbirləri olmadan tələsik tətbiqi sosial və iqtisadi sarsıntılara gətirib çıxara bilər.

Corctaun Universitetində ABŞ senatoru Berni Sanderslə keçirilən müzakirə zamanı Ginton vurğulayıb ki, hazırkı süni intellekt inqilabı əvvəlki texnoloji dalğalardan köklü şəkildə fərqlənir. Onun sözlərinə görə, əvvəlki yeniliklərdən fərqli olaraq, bu süni intellekt insanlara aid peşələrin itirilməsini kompensasiya edəcək yeni iş yerləri yaratmır. O qeyd edib ki, ağıllı sistemlərin kütləvi şəkildə tətbiqi zamanı bacarıqları artıq tələb olunmayan insanların iş tapmaq üçün sadəcə alternativi olmaya bilər.

Alim bir neçə əsas təhlükəni ön plana çəkib. Birincisi, əmək bazarı misli görünməmiş dərəcədə insanların maşınlarla əvəzlənməsi ilə üzləşə bilər. İkincisi, sosial və iqtisadi bərabərsizlik daha da dərinləşə bilər. Üçüncüsü isə o, geosiyasi risklərə diqqət çəkib: güclü süni intellekt sistemlərinə malik dövlətlər onları “səssiz” strateji əməliyyatlar üçün istifadə edərək dünyada güc balansını dəyişə bilərlər.

Ginton xüsusilə məsələnin iqtisadi tərəfinə diqqət yetirib. Onun fikrincə, İlon Mask, Mark Zukerberq və Larri Ellison kimi texnologiya maqnatları kütləvi işsizliyin əhalinin alıcılıq qabiliyyətini azaldacağını və bunun bazara ciddi zərbə vuracağını lazımi səviyyədə qiymətləndirməyiblər.

Bundan əlavə, o proqnozlaşdırıb ki, geniş spektrli tapşırıqları yerinə yetirə və yeni şəraitə uyğunlaşa bilən Ümumi Süni İntellektin (AGI) yaranması qarşıdakı iki onillik ərzində, hətta daha tez baş verə bilər.

Ceffri Ginton müasir süni intellekt sahəsinin əsas qurucularından biri hesab olunur. Onun neyron şəbəkələri üzrə apardığı tədqiqatlar 2018-ci ildə, Yoşua Benjio və Yan LeKun ilə birlikdə, informatika sahəsində Nobel mükafatına bərabər sayılan Tyurinq mükafatına layiq görülüb. 2023-cü ildə isə Ginton süni intellektin təhlükəsizliyi və etikası məsələlərinə fokuslanmaq üçün “Google”dan ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar