Avropada hökm sürən isti hava turistləri sərinləmək üçün müxtəlif su hövzələrinə üz tutmağa məcbur edir. Lakin bəzi məşhur turistik məkanlarda suya girmək ciddi cərimələrlə nəticələnə bilər.
Lent.az xəbər verir ki, “Fodor's” nəşri Avropada turistlərin çimməsinin qadağan olunduğu və ya təhlükəli hesab edildiyi 10 məşhur məkanın siyahısını hazırlayıb.
Siyahıya İtaliyanın paytaxtı Romadakı məşhur Trevi fəvvarəsi də daxildir. Burada suya girən turist 450 avrodan başlayan cərimə ilə üzləşə bilər. Qadağanı dəfələrlə pozan şəxslərin isə əraziyə girişinə uzunmüddətli, hətta daimi məhdudiyyət tətbiq oluna bilər.
Venesiyadakı Böyük Kanalda çimmək də qadağandır. Qaydanı pozanlara 450 avro cərimə tətbiq edilə bilər.
Niderlandın paytaxtı Amsterdamın kanallarına girən turistləri isə 140-170 avro arasında cərimə gözləyir.
Florensiyanın Santo-Spirito meydanındakı fəvvarədə çimmək də yolverilməzdir. Burada cərimənin məbləği tarixi obyektə vurulan zərərin dərəcəsindən asılı olaraq müəyyənləşdirilir.
Londondakı Trafalqar meydanının fəvvarələrində çimməyə görə ayrıca cərimə nəzərdə tutulmasa da, suyun çirkli olması səbəbindən turistlərə ora girməmək tövsiyə edilir.
Ən yüksək cərimələrdən biri Parisdəki Trokadero fəvvarələrində tətbiq olunur. Burada qaydaları pozan turistlər 3750 avroya qədər cərimələnə bilər.
Böyük Britaniyanın Bat şəhərində yerləşən qədim Roma hamamlarında da çimmək olmaz. Cərimə tətbiq edilməsə də, sudakı zərərli maddələr və mümkün toksinlər insan sağlamlığı üçün təhlükə yarada bilər.
İtaliyanın Çinkve-Terre bölgəsindəki Riomaggiore limanı da çimmək üçün nəzərdə tutulmayıb. Ərazi gəmilərin hərəkət etdiyi kanal olduğundan burada suya girmək təhlükəlidir.
İspaniyanın Mayorka adasındakı Palma şəhərinin dekorativ fəvvarələrində çimməyə görə isə 750 avroya qədər cərimə tətbiq edilə bilər.
Berlindən keçən Şpre çayında da çimmək hazırda qadağandır. Son illərdə qadağanın aradan qaldırılması müzakirə olunsa da, suyun keyfiyyəti ilə bağlı problemlər səbəbindən uzun illərdir qüvvədə olan məhdudiyyət hələ də davam edir.
Avropanın bir sıra turistik bölgələrində yay mövsümündə başqa məhdudiyyətlər də sərtləşdirilib. Bəzi çimərliklərdə dəsmalla əvvəlcədən yer “rezerv etmək”, sahildə siqaret çəkmək, yüksək səslə musiqi dinləmək və çimərlik geyimində şəhər küçələrində gəzmək turistlər üçün cərimə ilə nəticələnə bilər.