Turizm və sağlam həyat üzrə mütəxəssislər bu tələblərə ən uyğun ölkələrdən biri kimi Kosta-Rikanı göstərirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Amerikada fəaliyyət göstərən turizm agentliyinin rəhbəri Li Barns bildirib ki, Kosta-Rikadakı həyat tərzi insanları tələsmədən yaşamağa sövq edir. Burada 50 yaşdan yuxarı turistlər hər gün aktiv ola, lakin bunu özlərinə uyğun tempdə edə bilirlər. Səyahətçilər tropik meşələrdə gəzə, vəhşi heyvanları müşahidə edə və termal bulaqlarda dincələ bilərlər.
Kosta-Rika 12 fərqli iqlim zonasında dünya biomüxtəlifliyinin təxminən 6 faizinə ev sahibliyi edir. “Trafalgar” şirkətinin rəhbəri Saymon Cons ölkədə geniş yayılmış “pura vida” həyat fəlsəfəsinin insanları daha sakit və tələsmədən yaşamağa təşviq etdiyini qeyd edib.
Mütəxəssislər xüsusilə termal bulaqları və rahat, baxımlı gəzinti yollarını 50 yaşdan yuxarı turistlər üçün üstünlük hesab edirlər. Kosta-Rikada qida mədəniyyəti də turistlərin diqqətini çəkir. Yerli icmalarda orqanik məhsullara, təzə dəniz məhsullarına və ailələrdə nəsildən-nəslə ötürülən kulinariya ənənələrinə üstünlük verilir.
Turistlər ənənəvi tortilyanın hazırlanmasını izləyə, yerli məhsulların yetişdirildiyi plantasiyalara baş çəkə və ölkənin mətbəxi ilə yaxından tanış ola bilərlər. Daha aktiv istirahət istəyənlər üçün Tortuqero Milli Parkında qayıq turları və Monteverdedə quş müşahidəsi tövsiyə olunur.
Bundan əlavə, təxminən 280 kilometr uzunluğunda olan “Camino de Costa Rica” marşrutu Karib dənizi sahillərini Sakit okean sahilləri ilə birləşdirir. Mütəxəssislərin fikrincə, sağlam yaşlanmanın əsas şərtlərindən biri fiziki aktivliyi, marağı və sosial fəallığı qorumaqdır. Kosta-Rika isə təbiət, sakit həyat ritmi və müxtəlif fəaliyyət imkanları ilə bu baxımdan 50 yaşdan yuxarı turistlər üçün cəlbedici istiqamətlərdən biri hesab olunur.