Avstraliyalı qadın Sinqapurun məşhur Çangi hava limanında düz bir həftə yaşayıb və bunun adi tranzit məntəqədən çox, tam bir istirahət və əyləncə məkanı olduğunu sübut edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Məddi Makrey adi aviatranziti sosial eksperimentə çevirərək yeddi gününü hava limanında keçirib. O, birbaşa 3-cü terminalda yerləşən Crowne Plaza otelində qalıb və günlərini hava limanının qeyri-adi infrastrukturunu araşdırmağa həsr edib.
Hava limanı – əyləncə kompleksi
Makrey “Jewel” kompleksində yerləşən 40 metrlik HSBC “Yağış burulğanı” şəlaləsindən heyranlıqla zövq alıb, həmçinin palma ağacları ilə əhatələnmiş dəbdəbəli hovuzdan istifadə edib. Bununla yanaşı, o, kokteyllərdən, interaktiv oyunlardan və orkide sərgisindən də yararlanıb.
Pulsuz ekskursiyalar və unudulmaz təcrübə
Onun üçün ən böyük kəşflərdən biri isə hava limanında uzun tranzitlə olan sərnişinlər üçün təklif edilən pulsuz ekskursiyalar olub. Bu fürsətdən istifadə edən Məddi Sinqapurun bir sıra görməli yerlərini də ziyarət edib.
Həftə ərzində gündə orta hesabla 50 dollar xərcləyən Makrey bildirib ki, hava limanında vaxt anlayışı tamamilə itir. Onun sözlərinə görə, burada “sosial eksperiment” yaşanır: səhər saat 7-də kokteyl içmək normal qəbul olunur və gecə ilə gündüz arasındakı sərhəd bulanıqlaşır.