Müharibənin uşaqlarda buraxdığı iz - yatağı islatma, qıc olma, əsəbilik... 
12 iyun 2023 10:00 (UTC +04:00)

Müharibənin uşaqlarda buraxdığı iz - yatağı islatma, qıc olma, əsəbilik... 

Bu gün dünyada milyonlarla insan müharibə şəraitində yaşamağa məcbur qalıb. Müharibənin ən məsum qurbanları isə uşaqlardır. Günahsız, baş verənlərdən xəbərsiz şəkildə bu cür şəraitdə yaşamağa çalışırlar. 

Bunun ən böyük nümunəsi isə hazırda davam edən Rusiya-Ukrayna münaqişəsidir. Evləri dağılmış, vətənindən didərgin düşmüş minlərlə insan bu müharibə şəraitində yaşamağa məcburdur. 

Müharibə təkcə körpələrin deyil, həmçinin böyüklərin də qorxuya düşdüyü və təhlükəsizlik duyğularının zədələndiyi travmatik vəziyyətdir. Müharibə dağıdıcı təsirləri ilə birlikdə həmçinin psixoloji təsirləri ilə də insanlarda iz buraxır.

Araşdırmalara görə, müharibənin körpələrə və uşaqlara uzunmüddətli təsirləri əsasən davranış problemlərinə çevrilir. Müharibə uşaqların valideynlərdən ayrıla bilməmə, tez-tez ağlama, reaksiya verməmə, titrəmə, ağrı, uyuşma, ürkütmə və qışqırma kimi reaksiyaların verməsinə səbəb olur. Ən kiçik səs və ya hərəkətdə onlar qışqıraraq yuxudan tez-tez oyanırlar. Çünki uşaqlar böyüklər kimi hiss və düşüncələrini mənalı şəkildə ifadə edə bilmirlər.

Bəs, görəsən, müharibə uşaqların psixologiyasına necə təsir edir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Lent.az-a açıqlamasında bildirib ki, müharibə şəraitində yaşayan uşaqların qorxuları daha da çoxalır. 

Onun sözlərinə görə, bu cür uşaqlar daha çox depressiyaya meylli olurlar:

“Həmçinin həmin uşaqların demək olar ki, əyləncəsi az olur. Onlar uşaqlıqlarını doyunca yaşaya bilmirlər. Ümumiyyətlə, müharibə uşaqların həyatına böyüklərdən daha çox təsir göstərir. Böyüklər müharibəni uşaqlara nisbətən çox yaxşı başa düşür və bunun çətinliklərinə hazır olurlar. Təəssüflər olsun ki, uşaqlar bunların fərqində deyil. Rahat şəraitin, evin, təhsilin olmaması onlarda aqressiyanın, depressiyanın yaranmasına və ümidsizliyə qapılmalarına səbəb olur”.

Körpələrdə baş verən travmatik təcrübələrin nəticələrinə gəlincə, insanlar arasında onların yaşlarına görə hadisələri xatırlamayacaqları və buna görə də təsirlənməyəcəkləri barədə ümumi yanlış fikir var. Amma araşdırmalara görə, hətta hamiləlik dövründə də körpə ətrafda baş verənlərdən təsirlənir. Özünün bilmədiyi və buna görə də təsvir etməkdə çətinlik çəkdiyi narahatedici hisslər, düşüncələr, qəzəb, anadan ayrıla bilməmək, yuxu və iştahanın pozulması, həddindən artıq aktivlik və ya durğunluqla özünü göstərir. Bununla yanaşı, yatağı islatma, qıc olma, əsəbilik və fizioloji səbəblərdən qaynaqlanmayan bədən ağrıları da görülə bilər.

Bəs, uşaqlara müharibə mühitini necə izah etmək olar?

Bu məsələ ilə bağlı xarici mütəxəssislərin də diqqət çəkən fikirləri var. Onları ümumiləşdirmiş formada sizə təqdim edirik. 

Əgər, uşaq sizə sual verirsə, bu, onun hadisəni anlamağa çalışdığının göstəricisidir, bu anları qaçırmamaq və düzgün qiymətləndirmək vacibdir. Suallardan qaçmamaq, heç nəyi səhv salmamaq lazımdır. Müharibə kimi uşağa fiziki və psixoloji yaralar vuran, şiddətli qorxu və ya qəzəbli məzmunlu çox təhlükəli hadisəni öz gözümüzlə dərk etdiyimiz kimi təsvir edə bilmərik. 

Araşdırmalara görə, uşaqların yaş səviyyəsinə uyğun olaraq, uşaq soruşmadıqca çox təfərrüata varmadan izah etmək lazımdır. Uşaqların təxəyyülləri çox geniş olduğu üçün işlətdiyiniz sözlərin çox uzun olmamasına diqqət yetirin. Müharibə vəziyyətini təsvir edərkən az və sadə sözlər seçməklə diqqətli olmaq lazımdır. 

Unutmaq olmaz ki, uşaqlar təkcə müharibədən deyil, həm də müharibə zamanı valideynlərinin reaksiyalarından təsirlənirlər. Valideynləri nə qədər güclü hiss edirlərsə, uşaqlar da özlərini bir o qədər güclü hiss etməyə çalışırlar. 

# 2049
avatar

Arzu Qurbanlı

Oxşar yazılar