Valideynlər şübhəli bir “zövq” üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasir valideynlər uşaqları üçün getdikcə daha çox kənd əməyinin sərt reallıqlarını seçirlər. Ölkədə sürətlə mübahisəli bir trend yayılır: böyüklər məktəbliləri “çətinlik düşərgələri” adlandırılan yerlərə göndərmək üçün böyük məbləğlər ödəyirlər. Bu düşərgələrdə qadcetlər tamamilə qadağan edilir, günlər isə ağır fiziki işlə keçir.
“Çətinlik düşərgələri”nin mahiyyəti: valideynlər nəyə pul ödəyirlər?
Belə proqramlara xüsusilə Çinin cənub-qərbində yerləşən Sıçuan, Quyçjou və Yunnan əyalətlərinin kənd rayonlarında böyük tələbat var. Valideynlər 10 günlük növbə üçün 4 min yuandan, bir aylıq proqram üçün isə 10 min yuandan çox pul ödəyirlər. Bunun qarşılığında uşaqlar olduqca sərt şəraitdə yaşayırlar. İstirahət əvəzinə onları kartof qazmaq, odun hazırlamaq, ev heyvanlarına qulluq etmək və ağac kötüklərini təmizləmək kimi ağır işlər gözləyir.
Belə düşərgələrdə qaydalar son dərəcə sərtdir. İştirakçıların smartfonları tamamilə əllərindən alınır və onların internetə, sosial şəbəkələrə çıxışı kəsilir. Uşaqlar gördükləri işə görə pul almırlar. Əksinə, qazandıqları “xalları” yalnız sabun və ya tualet kağızı kimi ən zəruri məişət əşyalarına xərcləyə bilirlər.
Bəzi düşərgələrdə cəza üsullarından da istifadə olunur. Məsələn, gün ərzində müəyyən edilmiş iş normasını yerinə yetirə bilməyən məktəblilərə tam nahar əvəzinə yalnız qaynadılmış kartof verilir.
Uşaqların göz yaşları və cəmiyyətdə qızğın mübahisələr
Belə düşərgələrdən yayılan görüntülər mütəmadi olaraq Çin sosial şəbəkələrində böyük müzakirələrə səbəb olur. Videolarda ağlayan uşaqlar valideynlərindən onları evə aparmağı xahiş edir, bundan sonra yaxşı oxuyacaqlarına və ev işlərində kömək edəcəklərinə söz verirlər. Təşkilatçılar sərt üsulları “yaxşı məqsədlə” əsaslandırırlar.
Onların fikrincə, rahat şəhər həyatına öyrəşmiş yeniyetmələr pul qazanmağın nə qədər ağır zəhmət tələb etdiyini öz təcrübələrində hiss etməlidirlər. Böyüklərin bu tendensiyaya münasibəti isə iki yerə bölünüb. Tərəfdarları hesab edirlər ki, belə sərt təcrübə müasir nəslin xeyrinədir, uşaqlara rahatlığın və ailə qayğısının qədrini bilməyi öyrədir.
Tənqidçilər isə psixoloji travma və həddindən artıq stress riskləri barədə xəbərdarlıq edirlər. Onlar qısa müddət ağır işçi kimi yaşamağın uşağın dünyagörüşünü kökündən dəyişə biləcəyinə şübhə ilə yanaşırlar. Bütün bu mübahisələrə baxmayaraq, uşaqlarını yenidən tərbiyə məqsədilə kənd düşərgələrinə göndərmək istəyən valideynlərin sayı hələ də azalmır.