APA TV-nin “Söz qaytaran” verilişinin növbəti buraxılışında paytaxtın gündəmini zəbt edən maraqlı və bir o qədər də düşündürücü hadisələrə toxunulub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, verilişdə ictimai nəqliyyatda yaşanan problemlər, sürücülərin qəribə davranışları və yağışlı havalarda taksi qiymətlərinin kəskin artması diqqət mərkəzində olub.
Aparıcı bildirib ki, əvvəllər avtobuslarda basabas gedən sərnişinlərə yazığı gəlirdi. Lakin son hadisədən sonra onların hallarına şükür etməli olduğunu düşünüb. Çünki Bakıda avtobusun sərnişinləri deyil, sərnişinlərin avtobusu apardığı görüntülər yayılıb. Nəqliyyat vasitəsi xarab olduğundan sərnişinlər düşərək avtobusu itələmək məcburiyyətində qalıblar.
Verilişdə qarşı hərəkət zolağına çıxaraq yolu iflic edən xanım sürücüdən də danışılıb. Sürücü bu hərəkətini yoldakı suyun avtomobilinə zərər verə biləcəyi ilə əsaslandırıb.
Yağış başlayan kimi taksi qiymətlərinin bir neçə dəfə artması da aparıcının diqqətindən yayınmayıb.
Bütün bu hadisələrə yumor və tənqidi baxışın birləşdiyi “Söz qaytaran” verilişinin tam buraxılışını aşağıdakı videodan izləyə bilərsiniz.