Bakıda motosikletçi azyaşlı qızı qanunsuz daşıyaraq, həyatına təhlükə yaradıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, kimliyi bilinməyən şəxs aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitəsində azyaşlı qız təhlükəli şəraitdə aparıb. Bu zaman motosikletçi azyaşlıya dəbilqə və təhlükəsizlik kəməri taxmayıb. Bildirilir ki, hərəkət zamanı motosikletin sürəti saatda 80 km olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə bağlı hazırda araşdırma aparılır:
"Mövcud qanunvericiliyin tələblərinə əsasən motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların daşınması qanunaziddir və öz növbəsində inzibati məsuliyyət yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq bu gün bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, nəticədə xoşagəlməz hallar baş verir.
Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər".