Antarktida buzlaqlarının altında qeyri-adi dünya  TAPILDI
28 iyul 2026 15:31 (UTC +04:00)

Antarktida buzlaqlarının altında qeyri-adi dünya TAPILDI

0

Antarktida sahillərində buz örtüyünün altında alimlər unikal dəniz ekosistemi aşkarlayıblar. Tədqiqatçılar burada təxminən 60 milyon balıq yuvası müəyyən ediblər. Bu ərazi planetdə indiyədək məlum olan ən böyük balıq çoxalma koloniyası hesab edilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, kəşf Antarktidanın Ueddell dənizi ekosistemini araşdıran alimlərin Almaniyaya məxsus “RV Polarstern” buzqıran gəmisində həyata keçirdiyi ekspedisiya zamanı edilib.

Əvvəlcə alimlərin məqsədi balıqların çoxalma sahələrini axtarmaq olmayıb. Dəniz dibini müşahidə etmək üçün gəminin arxasınca çəkilən OFOBS adlı sualtı kameradan istifadə edilib. Kamera gözlənilmədən çox böyük sayda yuvanı qeydə alıb. Dəniz dibindəki qeyri-adi çökəklikləri ilk dəfə görüntüləri doktorant Lilian Beringer görüb.

Araşdırma nəticəsində yuvaların “Neopagetopsis ionah” adlı buz balığına aid olduğu müəyyənləşdirilib. Bu nadir balıq növünün qanında hemoqlobin yoxdur. Koloniya təxminən 240 kvadratkilometr ərazini əhatə edib və burada 60 milyona yaxın yuva yerləşib.

Hər yuvada təxminən 1700 balıq kürüsü olub. Yumurtaları yetkin balıqlar qoruyub. Alfred Vegener İnstitutunun tədqiqatçısı Autun Purser bildirib ki, kəşfin həqiqi miqyası yalnız toplanan məlumatların ətraflı təhlilindən sonra məlum olub. Onun sözlərinə görə, ilk müşahidələr zamanı yaranan təəssürat nəticələrin digər alimlərlə müzakirəsindən sonra təsdiqlənib.

Mütəxəssislərin diqqətini koloniyanın aydın sərhədləri də cəlb edib. Yuvaların çox sıx yerləşdiyi ərazi qəfil şəkildə demək olar ki, heç bir yuvanın olmadığı sahəyə keçib. Purser bu görüntünü pinqvin koloniyalarına bənzədib və sərhədin sanki düz xətlə çəkildiyini bildirib.

Alimlər müəyyən ediblər ki, nəhəng koloniya ətrafdakı sudan təxminən 2 dərəcə daha isti su axınlarının səthə qalxdığı ərazidə yaranıb. Bu axınlar zooplanktonu həmin bölgəyə gətirib və yumurtadan çıxan balıq balalarının qida ilə təmin olunmasına şərait yaradıb.

Araşdırma zamanı ölmüş buz balıqlarının qalıqları da tapılıb. Bu fakt koloniyanın Ueddell dənizinin ekosistemində mühüm rol oynadığını, suitilər və digər yırtıcı heyvanlar üçün əsas qida mənbələrindən biri olduğunu göstərib.

Əldə olunan məlumatlar əsasında həmin ərazidə qorunan dəniz zonasının yaradılması təklif olunub. Tədqiqat müəllifləri vurğulayıblar ki, bu ərazi dünya okeanının istənilən dərinliyində indiyədək aşkarlanmış ən böyük fasiləsiz balıq çoxalma koloniyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar