“Atlas” robotu universal intellekt  səviyyəsinə yaxınlaşır
18 iyun 2026 06:49 (UTC +04:00)

“Atlas” robotu universal intellekt səviyyəsinə yaxınlaşır

0

ABŞ-ın “Boston Dynamics” şirkəti mürəkkəb sənaye tapşırıqlarını insan müdaxiləsi olmadan yerinə yetirmək qabiliyyətinə malik “Atlas” humanoid robotunun hazırlanmasında əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Son sınaqlar göstərir ki, robot tədricən əvvəlcədən proqramlaşdırılmış hərəkətlərin hüdudlarını aşır və yeni şəraitə uyğunlaşmağı öyrənir.

Lent.az “İnteresting Engineering” internet nəşrinə istinadla xəbər verir ki, bu prosesdə əsas rolu virtual mühitdə sürətləndirilmiş öyrənmə texnologiyası oynayır. Simulyasiya şəraitində robot bir gün ərzində milyonlarla saatlıq praktikaya bərabər təcrübə əldə edə bilir. Daha sonra qazandığı bacarıqlar təxminən bir saat ərzində fiziki platformaya tətbiq olunur.

“KB Securities” analitiklərinin qiymətləndirməsinə görə, “Atlas”ın nailiyyətləri humanoid robotlar üçün ümumi süni intellekt adlandırılan sistemin elementlərinin yaradılması istiqamətində irəliləyişdən xəbər verir. Söhbət robotun ətraf mühiti müstəqil şəkildə qavramaq, qərarlar qəbul etmək və hər bir ssenarinin ayrıca proqramlaşdırılmasına ehtiyac olmadan geniş çeşiddə tapşırıqları yerinə yetirmək qabiliyyətindən gedir.

Layihənin inkişafı “Boston Dynamics” şirkətinin “Google DeepMind” və “Nvidia” ilə əməkdaşlığı sayəsində mümkün olub. “DeepMind” süni intellekt və maşın öyrənməsi alqoritmlərinin hazırlanmasını həyata keçirir, “Nvidia” isə genişmiqyaslı modelləşdirmə və robotların virtual mühitdə hazırlanması üçün hesablama resursları təmin edir.

Son nümayişlər zamanı “Atlas” fiziki imkanlarının nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərib. Robot bütün bədəninin koordinasiyasından, tarazlığı qorumaq bacarığından və gücə dəqiq nəzarətdən istifadə etməklə çəkisi 45 kiloqramdan artıq olan soyuducu da daxil olmaqla ağır əşyaları yerini uğurla dəyişib. Halbuki təlimlər 23–32 kiloqram ağırlığında olan əşyalar üzərində aparılıb.

Bundan əlavə, robot tullanmalar və akrobatik hərəkətlər də daxil olmaqla mürəkkəb dinamik hərəkətlər nümayiş etdirib. Tərtibatçıların sözlərinə görə, bu cür məşqlər yalnız platformanın imkanlarını nümayiş etdirmək məqsədi daşımır, eyni zamanda, onun dayanıqlığını, çevikliyini və real istehsalat şəraitində işləmək qabiliyyətini təkmilləşdirməyə xidmət edir.

“Atlas”ın üstünlüklərindən biri vahid ötürücü mexanizmlərdən və ətrafların simmetrik quruluşundan istifadə olunmasıdır. Belə yanaşma modelləşdirmə prosesini sadələşdirir və bacarıqların virtual mühitdən real şəraitə köçürülməsini sürətləndirir.

Analitiklərin proqnozlarına görə, 2035-ci ilədək “Boston Dynamics” humanoid robotların qlobal bazarının 15 faizədək hissəsinə və sənaye təyinatlı premium humanoid sistemlər seqmentinin 60 faizədək hissəsinə sahib ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar