Avropada ən bahalı evlər  bu şəhərlərdədir
01 sentyabr 2026 15:21 (UTC +04:00)

Avropada ən bahalı evlər bu şəhərlərdədir

0

Avropanın böyük şəhərlərində mənzil qiymətləri rekord həddə çatıb. Xüsusilə İsveçrənin Sürix və Cenevrə şəhərlərində ev almaq bir çox insan üçün əlçatmaz səviyyəyə yüksəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Avropada mənzil qiymətlərinə görə ilk sırada Sürix qərarlaşıb.

Şəhərin mərkəzində mənzillərin bir kvadratmetrinin orta qiyməti təxminən 22 910 avro təşkil edir.

İkinci yerdə qərarlaşan Cenevrədə isə qiymət 19 439 avro civarındadır. Bu göstərici Parisdəki qiymətlərdən təxminən iki dəfə yüksəkdir.

London da ən bahalı şəhərlər sırasındadır

Britaniyanın paytaxtı Londonda şəhər mərkəzində bir kvadratmetr mənzilin qiyməti təxminən 17 241 avrodur.

Müqayisə üçün, Parisdə bu rəqəm 12 771 avro təşkil edir. Beləliklə, Londonda mənzil qiymətləri Parislə müqayisədə təxminən 35 faiz yüksəkdir.

Avstriyanın paytaxtı Vyanada isə bir kvadratmetrin qiyməti 12 483 avro civarındadır.

Almaniyanın ən bahalı şəhərlərindən biri olan Münhendə bu göstərici 11 435 avroya çatır. Münhen Avropanın ilk onluğuna daxil olan yeganə Almaniya şəhəridir.

İsveçrədə yüksək maaşlar belə kifayət etmir

İsveçrə yüksək əməkhaqları ilə tanınsa da, daşınmaz əmlakın bahalığı bu üstünlüyü böyük ölçüdə azaldır.

Mənbənin hesablamalarına görə, Sürixdə orta maaş alan bir mütəxəssis bir illik qazancı ilə cəmi iki-üç kvadratmetr mənzil ala bilər. Bundan əlavə, ipoteka üçün tələb olunan ilkin ödənişin adətən 20 faiz olması ev almağı daha da çətinləşdirir.

Cenevrədə isə qiymətlərin yüksək olmasına torpaq çatışmazlığı, beynəlxalq təşkilatların və özəl bankların çoxluğu, eləcə də yüksək tələbat təsir göstərir.

Praqa da bahalaşıb

Siyahıda diqqət çəkən şəhərlərdən biri də Praqadır.

Çexiyanın paytaxtında şəhər mərkəzində bir kvadratmetr mənzilin qiyməti təxminən 8 352 avrodur.

Bununla da Praqa Madrid və Berlin kimi şəhərləri geridə qoyub. Mütəxəssislər qiymət artımını qısamüddətli kirayəyə tələbatın yüksəlməsi və xaricdən gələnlərin sayının artması ilə əlaqələndirirlər.

Lüksemburq, Kopenhagen, Stokholm və Oslo kimi şəhərlərdə isə qiymətlər əsasən bir kvadratmetr üçün 9 700–11 000 avro arasında dəyişir.

Kirayə qiymətləri də yüksəlib

Mənzil almaq bahalaşdıqca kirayə qiymətləri də artır.

Sürix və Cenevrədə şəhər mərkəzində mənzil kirayəsi ailələrin orta aylıq gəlirinin 40–50 faizini təşkil edə bilər.

Oxşar vəziyyət Londonda da müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, Avropanın iri şəhərlərində həm mənzil almaq, həm də kirayə götürmək getdikcə daha böyük maliyyə yükünə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 40

Oxşar yazılar