Polşanın ən bahalı oteli "Raffles Europejski"dir. Məlumata görə, buradakı prezident nömrəsində bir gecə qalmağın qiyməti kiçik avtomobil almaq üçün kifayət edəcək məbləğə bərabərdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Raffles Europejski" oteli Varşavanın məşhur Krakovske Pşedmieşçe küçəsində yerləşir.
Otelin ən dəbdəbəli prezident nömrəsində bir gecə qalmaq təxminən 9 min ABŞ dollarına bərabərdir.
Bu oteldə vaxtilə ABŞ siyasətçisi Robert Kennedi, məşhur aktrisa və müğənni Marlen Ditrix, əfsanəvi rok qrupu "Rollinq Stounz" və dünya şöhrətli müğənni Beyons da qonaq olublar.
Dəbdəbəli interyer və yüksək səviyyəli xidmət
Otel neorenessans memarlıq üslubunda inşa edilib və bərpa işlərindən sonra tarixi görkəmini qoruyub saxlayıb.
Qonaqlar burada eksklüziv spa mərkəzi, dəbdəbəli otaqlar, yüksək səviyyəli restoranlar və Varşava mənzərəli dam barından istifadə edə bilirlər. Oteldə fəaliyyət göstərən restoranların hər biri özünəməxsus menyuya malikdir. Burada Polşa mətbəxinin ənənəvi dadları beynəlxalq kulinariya üslubu ilə birləşdirilir.
Limuzin transferi də xidmətlər sırasındadır
Qonaqlara masaj, kosmetoloji prosedurlar və digər spa xidmətləri təqdim olunur. Bundan əlavə, hava limanı ilə otel arasında limuzinlə VIP transfer xidməti də göstərilir.
Otelin ərazisində restoranlar, barlar, kafelər və işgüzar görüşlər üçün ofis sahələri də fəaliyyət göstərir.
Qeyd edək ki, Polşada bahalı otellər sırasında Varşavadakı "Bristol", İlava şəhərindəki "Grand Hotel Tiffi", Sopotdakı "Sofitel Grand Sopot", "Nobu" oteli və Serotsk şəhərində yerləşən "Narvil" oteli də yer alır. Bununla belə, qiymət baxımından "Raffles Europejski" ölkənin ən bahalı oteli hesab olunur.