Bu ölkə oğru qağayılara   görə hər il 232 milyon  dollar ziyan görür
29 avqust 2026 18:54 (UTC +04:00)

Bu ölkə oğru qağayılara görə hər il 232 milyon dollar ziyan görür

0

Böyük Britaniyada qağayıların insanlardan yemək oğurlaması hər il milyonlarla funt sterlinq zərərə səbəb olur. Araşdırmaya görə, quşların oğurladığı qidaların illik dəyəri təxminən 171 milyon funt sterlinq (təxminən 232 milyon 464 min dollar) təşkil edir.

Lent.az xəbər verir ki, “Independent” nəşrinin məlumatına görə, Britaniyada qağayılar aqressiv davranışları ilə məşhurlaşıblar. Onlar sahilyanı ərazilərdə ənənəvi “fish and chips”dən tutmuş şəhərin gur küçələrində satılan hot-doqlara qədər müxtəlif yeməkləri insanların əlindən götürürlər.

“Compare the Market”in keçirdiyi sorğuda britaniyalıların 71 faizi qağayıların onların yeməyini oğurlamağa cəhd etdiyini və ya buna nail olduğunu bildirib.

Quşların ən çox oğurladığı yeməklərin ilk sırasında balıq və kartof qızartması dayanır: belə halların 72 faizi məhz bu yeməyin payına düşür. Sonrakı yerlərdə sendviçlər 21 faiz və dondurma 20 faiz göstərici ilə qərarlaşıb.

Problemin miqyasını nəzərə alan “Compare the Market” Marqeytdəki “Peter's Fish Factory” kafesi ilə birlikdə “Qağayılara qarşı zəmanət” tətbiq edib. Qağayı yeməyini oğurladığı müştəriyə itirdiyi yeməyin əvəzi pulsuz verilə bilər. Bunun üçün 1000 funt sterlinqlik xüsusi fond yaradılıb.

Maliyyə analitiki Çarli Evans bildirib ki, belə hadisələr insanlar cəmi bir neçə saniyə diqqətlərini yayındırdıqda baş verə bilir. Onun sözlərinə görə, qağayıların davranışı artıq britaniyalıların cibinə real maliyyə zərəri vurur.

Sorğu göstərib ki, respondentlərin 76 faizi qağayılar səbəbindən açıq havada yemək vərdişlərini dəyişib. Təxminən üçdə biri yeməyini atmaq və ya quşlara vermək məcburiyyətində qaldığını bildirib.

Yeməyini qorumaq üçün insanların 43 faizi onu gizlətməyə, 31 faizi isə mümkün qədər tez yeməyə çalışır. Belə hadisələrlə üzləşənlərin 69 faizi qağayıların onlara bir dəfədən çox “hücum etdiyini” bildirib.

Respondentlərin 80 faizindən çoxu qağayıların başqa insanlardan yemək oğurlamasının şahidi olub. Quşların “oğurluqları” yalnız qida ilə məhdudlaşmır. Sorğu iştirakçılarının 7 faizi içkilərin, 9 faizi isə hətta uşaq oyuncaqlarının qağayılar tərəfindən aparılması hallarının olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar