Bu ölkələrdə turistlər  sevilmir
12 iyun 2026 18:27 (UTC +04:00)

Bu ölkələrdə turistlər sevilmir

0

Avropada turist axınının sürətlə artması yerli əhali ilə qonaqlar arasında gərginliyin yüksəlməsinə səbəb olur. Məsələ təkcə küçələrin həddindən artıq dolu olması ilə məhdudlaşmır. Kütləvi turizm kirayə mənzillərin çatışmazlığına və yaşayış xərclərinin kəskin bahalaşmasına gətirib çıxarır. Turizm Avropa İttifaqına daxil olan bir çox ölkə üçün əsas gəlir mənbələrindən biri olsa da, eyni zamanda yerli sakinlərin narazılığına səbəb olan əsas amillərdən birinə çevrilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, rəqəmsal əyləncə platformasının apardığı yeni araşdırmanın nəticələrinə görə, turistlərə qarşı ən böyük narazılıq İspaniya, İtaliya və Fransada müşahidə olunur.

Rəsmi statistika bunun səbəblərini aydın şəkildə göstərir. İspaniyanın Turizm Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin ilk dörd ayında ölkəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb. Bu ilin iyun ayında isə beynəlxalq hava nəqliyyatı axınının daha 7,1 faiz yüksələcəyi proqnozlaşdırılır.

İtaliya və Fransada da turist sayının artacağı gözlənilir. Proqnozlara görə, iyun ayında İtaliyada turist axını ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz, Fransada isə 2,6 faiz artacaq.

Araşdırma göstərib ki, Kipr və Albaniya turistlərə ən mehriban münasibət göstərən Avropa ölkələri hesab olunur. Bu ölkələrdə turistlərə qarşı etiraz aksiyaları qeydə alınmayıb və səyyahlara tətbiq edilən məhdudiyyətlər minimum səviyyədədir.

Tədqiqat zamanı 30 ölkədə etiraz aksiyalarının intensivliyi, mediada işıqlandırılma səviyyəsi, turist vergilərinin həcmi, eləcə də turistlərin sayı ilə yerli əhalinin nisbəti nəzərə alınıb.

Nəticədə İspaniya turistlər üçün ən az qonaqpərvər ölkə kimi siyahının ilk pilləsində qərarlaşıb. Turizmə qarşı etirazlar Barselonadan Kanar adalarına qədər ölkənin 40-dan çox şəhərini əhatə edib.

Kataloniya bölgəsi təkcə 2025-ci ildə 20,1 milyon turist qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 0,6 faiz çoxdur. Siyahıda növbəti yerləri Balear və Kanar adaları tutub.

Ötən ilin iyun ayında Barselonada keçirilən etiraz aksiyalarında nümayişçilər "Turizm Barselonanı məhv edir" şüarları səsləndirib, hətta şəhərin bəzi məhəllələrində turistləri su tapançaları ilə isladıblar. Sevilyada isə qısamüddətli kirayə mənzillərə etiraz edən şəxslər Airbnb mənzillərinin açar qutularını çirkləndirərək narazılıqlarını ifadə ediblər.

İtaliyada da Venesiya, Roma, Florensiya, Neapol və Milan şəhərlərində oxşar etiraz aksiyaları keçirilib. Fəallar qısamüddətli kirayə məqsədilə istifadə olunan açar qutularını zədələyərək şəhər sakinləri üçün əlçatan mənzillərin azalmasına diqqət çəkməyə çalışıblar.

Həddindən artıq turizmin qarşısını almaq məqsədilə Venesiya aprel, may, iyun və iyul aylarında cümədən bazara qədər birgünlük turistlər üçün giriş ödənişini yenidən tətbiq edib.

Fransada isə Marsel, Nitsa və Paris də daxil olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Eyni zamanda kruiz gəmilərinə qarşı ictimai kampaniyalar da güclənib. Bu tendensiya həm iri şəhərlərdə, həm də məşhur kurort bölgələrində narazılığın artdığını göstərir.

Araşdırmaya əsasən, turistlər üçün ən az qonaqpərvərdən ən qonaqpərvər ölkələrə doğru Avropa reytinqi belədir:

  1. İspaniya

  2. İtaliya

  3. Fransa

  4. Yunanıstan

  5. Portuqaliya

  6. Niderland

  7. Almaniya

  8. Xorvatiya

  9. Avstriya

  10. Çexiya

  11. Malta

  12. Danimarka

  13. İrlandiya

  14. Macarıstan

  15. Belçika

  16. Kipr

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar