Hindistanın Tamilnad ştatının Maduray şəhərində yerləşən Aravind Göz Xəstəxanasının oftalmoloqları nadir tibbi hadisə ilə üzləşiblər. 16 yaşlı pasiyentin göz yuvasının yuxarı hissəsində, birbaşa qaşın altında ektopik diş aşkarlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, həkimlərin sözlərinə görə, tibbi ədəbiyyatda indiyədək bu cür yerləşməyə rast gəlinməyib. Hadisə “Ophthalmology” jurnalında təsvir olunub.
Yeniyetmə təxminən bir ay davam edən, ağrısız yuxarı göz qapağı şişkinliyinə görə həkimə müraciət edib. Şişkinlik yaranmazdan əvvəl heç bir travma olmayıb. Müayinə zamanı həkimlər yuxarı göz qapağının buruna yaxın daxili hissəsində iki ağbəniz, sərt çıxıntı görüblər.
Əvvəlcə bunun müxtəlif toxumalardan, o cümlədən sümük və diş toxumasından ibarət ola bilən nadir şiş (teratoma) olduğu ehtimal edilib. Lakin kompüter tomoqrafiyası tam formalaşmış və kökü olan dişə bənzər struktur aşkar edib. Bu struktur sol göz yuvasının yuxarı divarından başlayaraq önə doğru uzanıb və iki hissə şəklində xaricə çıxıb.
Məlumata görə, diş sırasından kənarda yerləşən dişlər əvvəllər burun boşluğunda, üst çənə sinusunda və göz yuvasının aşağı hissəsində qeydə alınıb. Lakin göz yuvasının yuxarı hissəsində dişin aşkarlanması ilk məlum haldır.
Tədqiqatın həmmüəllifi Meqhana Tanvar bildirib ki, bu, təkcə onların təcrübəsində deyil, dünya üzrə qeydə alınan ilk belə hadisədir.
Diş cərrahi yolla çıxarılıb. Sonrakı müayinə zamanı teratoma əlamətləri olmayan yetkin diş toxuması aşkarlanıb və bununla da ektopik diş diaqnozu təsdiqlənib. Görüntülərdə başqa anormal yerləşmiş dişə rast gəlinməyib.
Dişin göz yuvasında necə əmələ gəldiyinin dəqiq səbəbi məlum deyil. Alimlər bu cür inkişaf pozuntularında toxumaların formalaşma xüsusiyyətlərini, travmanı, infeksiyanı və genetik meylliliyi mümkün amillər sırasında nəzərdən keçirirlər.
Müəlliflər qeyd edirlər ki, bu hadisəni xüsusilə qeyri-adi edən diş strukturunun tamamilə çənə sərhədlərindən kənara çıxaraq birbaşa göz yuvasının yuxarı hissəsində yerləşməsidir.