Dünyanın ən rahat və təhlükəsiz  on şəhəri
18 dekabr 2025 15:17 (UTC +04:00)

Dünyanın ən rahat və təhlükəsiz on şəhəri

0

Yeni beynəlxalq reytinqə əsasən, Avropanın 38 şəhəri dünyanın yaşamaq üçün ən rahat 50 şəhəri sırasına daxil edilib.

Həyat keyfiyyətinə dair yeni qlobal icmal Avropanın lider mövqeyini bir daha təsdiqləyib. Reytinqdə ilk yerlərin hamısını məhz bu regionun şəhərləri tutub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, siyahının mütləq lideri isə İsveçrənin paytaxtı Bern olub. Şəhər sabitlik, təhlükəsizlik və yüksək səviyyəli şəhər infrastrukturu hesabına onlarla rəqibini geridə qoyub.

Araşdırmanı ECA International şirkəti aparıb. Araşdırma çərçivəsində dünyanın 275 şəhəri səhiyyəyə çıxış imkanları, havanın keyfiyyəti, yaşayış fondunun vəziyyəti, siyasi sabitlik, iqlim şəraiti və təhlükəsizlik kimi əsas meyarlar üzrə qiymətləndirilib.

Mütəxəssislər vurğulayırlar ki, Avropa şəhərləri onilliklərdir ekologiyaya, nəqliyyata və səhiyyə sisteminə investisiya yatırır və bu da onların reytinqdə üstünlüyünü təmin edib.

Bern niyə lider oldu?

İsveçrənin paytaxtı təkcə memarlığı ilə deyil, şəhər həyatının səmərəli təşkili ilə də seçilir. XII əsrdən qalma tarixi mərkəz yaşıl parklar və ətrafında müasir şəhər infrastrukturu formalaşan Aare çayı ilə harmonik şəkildə birləşir.

Şəhərin məşhur istirahət məkanları arasında firuzəyi suyu ilə tanınan Marzili çimərlik zonası və konsertlərin, tamaşaların və kinogöstərişlərin mütəmadi keçirildiyi Reitschule mədəniyyət mərkəzi xüsusi yer tutur.

Qeyd olunur ki, İsveçrə ümumilikdə yüksək həyat keyfiyyəti ilə tanınsa da, burada qiymətlər də kifayət qədər bahadır. Bir çox İsveçrə şəhəri eyni zamanda həm yaşamaq üçün ən yaxşı, həm də dünyanın ən bahalı şəhərləri siyahısında yer alır.

Dünyanın ən rahat və təhlükəsiz 10 şəhəri

Bern (İsveçrə)

Kopenhagen (Danimarka)

Stavanger (Norveç)

Cenevrə (İsveçrə)

Lüksemburq (Lüksemburq)

Haaqa (Niderland)

Vyana (Avstriya)

Münhen (Almaniya)

Dublin (İrlandiya)

Lissabon (Portuqaliya)

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Avropanın heç bir şəhəri reytinqin ən zəif nəticə göstərənlər siyahısına düşməyib. Region yaşamaq üçün ən təhlükəsiz və rahat məkan statusunu inamla qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar