Dünyanın ən yüksək işsizliyi   haradadır? - REYTİNQ
06 iyun 2026 20:15 (UTC +04:00)

Dünyanın ən yüksək işsizliyi haradadır? - REYTİNQ

0

Ekspertlərin fikrincə, işsizlik səviyyəsi yalnız əmək bazarının inkişaf dərəcəsini deyil, həm də ölkənin ümumi sosial-iqtisadi vəziyyətini əks etdirən əsas göstəricilərdən biridir. Əhalinin məşğulluq səviyyəsinin yüksək olması iqtisadi inkişaf üçün vacib amillərdən hesab olunur.

Lent.az xəbər verir ki, dünyada əmək bazarı ilə bağlı statistika Beynəlxalq Əmək Təşkilatı tərəfindən aparılır. Təşkilat hər il 187 ölkəni əhatə edən qlobal işsizlik reytinqi dərc edir.

İşsizliyin ən yüksək olduğu ölkələr

2025-ci ildə ən yüksək işsizlik səviyyəsi Esvatinidə qeydə alınıb. Bu ölkədə işsizlik səviyyəsi 34,6 faiz təşkil edib.

İkinci yerdə 32,3 faizlə Cənubi Afrika, üçüncü yerdə isə 26 faizlə Cibuti qərarlaşıb.

İlk onluqda həmçinin Fələstin (24,4%), Botsvana (23,8%), Qabon (20,1%), Konqo (19,9%), Namibiya (19,2%), Liviya (19,1%) və Somali (18,9%) yer alıb.

Yaxın Şərqdə ən yüksək işsizlik göstəriciləri Yəməndə (17%) və İordaniyada (16,7%), Cənubi Asiyada isə Əfqanistanda (13,7%) qeydə alınıb.

Qazaxıstan və MDB ölkələrinin göstəriciləri

Qazaxıstan 2025-ci ilin yekunlarına görə qlobal reytinqdə 105-ci yeri tutub. Ölkədə işsizlik səviyyəsi 4,8 faiz olub.

Bu göstərici bir sıra inkişaf etmiş ölkələrdən daha aşağıdır. Məsələn, İspaniyada işsizlik 11,4%, Yunanistanda 10%, Ukraynada 9,8%, Türkiyədə 8,8%, İsveç və Finlandiyada 8,4% təşkil edib.

MDB məkanında ən yüksək işsizlik səviyyəsi Ermənistanda qeydə alınıb. Burada göstərici 12,4 faiz olub. Sonrakı yerlərdə Tacikistan (7%) qərarlaşıb.

Daha aşağı işsizlik səviyyəsi isə Özbəkistanda (4,4%), Qırğızıstanda (3,5%), Belarusda (3,5%) və Rusiyada (2,4%) qeydə alınıb.

İşsizliyin ən aşağı olduğu ölkələr

2025-ci ildə dünyada ən aşağı işsizlik səviyyəsi Qətərdə olub. Burada göstərici cəmi 0,1 faiz təşkil edib.

İlk onluqda həmçinin Kambocia (0,3%), Niger (0,4%), Tailand (0,8%), Burundi (0,9%), Çad (1,1%), Bəhreyn (1,1%), Laos (1,2%), Moldova (1,4%) və Solomon Adaları (1,4%) yer alıb.

Ekspertlərin fikrincə, Qətər və Bəhreyn istisna olmaqla, bu ölkələrdə işsizliyin aşağı olmasının əsas səbəbləri kənd təsərrüfatı sektorunun üstünlük təşkil etməsi, əmək miqrasiyasının geniş yayılması və qeyri-rəsmi iqtisadiyyatın böyük paya malik olmasıdır.

Bundan başqa, nisbətən aşağı işsizlik səviyyəsi Birləşmiş Ərəb Əmirliklərində (2,2%), Yaponiyada (2,5%), Çexiyada (2,6%), Sinqapurda (2,7%), Cənubi Koreyada (2,8%), Polşada (2,8%), Almaniyada (3,4%) və Səudiyyə Ərəbistanında (3,5%) qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar