Ebolanın cənginə aldığı şəhərə BASQIN: 30 dinc sakin öldürüldü
04 iyun 2026 14:01 (UTC +04:00)

Ebolanın cənginə aldığı şəhərə BASQIN: 30 dinc sakin öldürüldü

0

Konqoda Ebola virusunun yayıldığı əsas bölgələrdən biri olan Beni şəhəri ətrafında silahlıların hücumları nəticəsində 30-dan çox insan ölüb.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, çərşənbə günü səhər tezdən Beni ətrafındakı üç kəndə edilən basqınlar zamanı azı 10 nəfər öldürülüb. Hücumlarda terror təşkilatı İŞİD-lə əlaqəli olduğu bildirilən “Müttəfiq Demokratik Qüvvələr” qruplaşması ittiham olunur.

Silahlılar kəndlərdə evləri və motosikletləri yandırıb, həmçinin sayı hələlik məlum olmayan mülki şəxsləri girov götürüblər.

Rəsmi məlumatlara əsasən, Şimali və Cənubi Kivu, həmçinin İturi vilayətlərində qeydə alınan Ebola epidemiyası çərçivəsində indiyədək 344 yoluxma faktı və 60 ölüm halı qeydə alınıb.

Bundan əvvəl də, şənbə günü gecə saatlarında silahlılar Beni şəhərinə daxil olaraq sakinlərə hücum ediblər. Hadisə nəticəsində çoxsaylı insan öldürülüb, yüzlərlə sakin isə meşələrə qaçmağa məcbur olub. Şahidlərin sözlərinə görə, 20-dən çox kişi, qadın və uşaq ölüb, onlarla insan itkin düşüb.

Yerli sakin bildirib ki, gecə saatlarında kömək çağırışları eşidildikdən sonra insanlar evlərini tərk edərək qaçıblar. Səhər isə qonşularının öldürüldüyünü görüblər.

İctimai təşkilatların məlumatına görə, bu qruplaşma 2014-cü ildən bəri bölgədə təxminən 10 min dinc sakinin ölümünə səbəb olub. Onlar həmçinin qonşu Uqandada törədilən hücumlarda da ittiham edilir.

Mütəxəssislər hesab edirlər ki, hücumlar və əhali arasında yaranan qorxu Ebola ilə mübarizəni daha da çətinləşdirir. Yerli fəal Albert Luzenqe bildirib ki, zorakılıqdan qaçan insanların müxtəlif yaşayış məntəqələrinə köçməsi virusun yayılması riskini artırır. Onun sözlərinə görə, qaçqın axını zamanı xəstəliyin qarşısının alınması tədbirlərinə nəzarət etmək olduqca çətinləşir.

2005–2014-cü illərdə Konqo ordusunun həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar zamanı “Müttəfiq Demokratik Qüvvələr” qruplaşması tamamilə məhv edilməyib. Qruplaşmaya qarşı növbəti hərbi əməliyyat 2021-ci ildə başlayıb, hazırda Konqo və Uqanda orduları Şimali Kivu və İturi bölgələrində silahlıları birgə təqib etməyə davam edirlər.

Konqoda fəaliyyət göstərən Ebuteli analitik mərkəzinin tədqiqatçısı Reqan Mivirinin sözlərinə görə, mülki əhaliyə qarşı hücumlar məhz bu hərbi əməliyyatlara cavab olaraq həyata keçirilir.

Onun fikrincə, silahlılar öz mövqelərinə edilən hücumlara mülki şəxslərin kütləvi qətli ilə cavab verirlər. Bu, hökuməti hərbi əməliyyatları dayandırmağa məcbur etmək cəhdi kimi qiymətləndirilir.

Miviri bildirib ki, qruplaşma üzvləri kiçik qruplar şəklində hərəkət edir və meşəlik ərazilərdə gizləndikləri üçün onları aşkar etmək olduqca çətindir. Onun sözlərinə görə, Konqo və Uqanda ordularının əməliyyatları əsasən silahlıları sərhəd bölgələrindən sıxışdırıb çıxarmağa yönəlib, lakin bu prosesdə mülki əhali də ölür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar