Ermənistan parlamentində hakimiyyət və müxalifət deputatları arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.
Lent.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə təsir göstərmək məqsədilə ona və ya yaxınlarına qarşı zorakılıq tətbiq etmə) üzrə başlanıb.
Qeyd edək ki, hadisə oktyabrın 29-da parlamentin iclas zalında baş verib.
Yayılan videogörüntülərdə hakim partiyanı təmsil edən parlament sədrinin müavini Vaaqn Aleksanyanın müxalifət deputatlarına tərəf stul atdığı əks olunub.
Ermənistan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 29-da parlamentdə baş verən kütləvi dava ilə bağlı cinayət işi açıldığı təsdiqlənib. Hadisə hakim “Vətəndaş müqaviləsi” və müxalif “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında yaşanıb. Qarşıdurma iclas zalından dəhlizə də keçib.