Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.
Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.