İtaliyada iki təcrübəli paraşütçü faciəvi şəkildə ölüblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 14-də Fano şəhərində qrup halında həyata keçirilən tullanış zamanı qeydə alınıb.
Tullanışda iştirak edən 70 yaşlı Ermes Zampa və 63 yaşlı Violetta Layketsion təxminən 30 metr yüksəklikdə havada toqquşublar. Toqquşma nəticəsində paraşütlərin ipləri bir-birinə dolaşıb və idmançılar heç bir tədbir görə bilmədən yerə çırpılıblar.
Zampanın 2000-dən çox, İtaliyada yaşayan braziliyalı Layketsionun isə 6000-dən artıq tullanışı olmasına baxmayaraq, faciənin qarşısını almaq mümkün olmayıb.
“Skydive Fano” şirkətinin direktoru Roberto Masio hadisənin əsas səbəbi kimi insan amilini göstərib. Onun sözlərinə görə, paraşüt idmanında cəmi bir anlıq diqqət itkisi başqa bir paraşütlə təhlükəli yaxınlaşmanı vaxtında dərk etməməyə kifayət edir.