"iPhone 17 pro"nu kosmosdan yerə atdılar  - Nəticə "Rekordlar Kitabı"na düşdü - VİDEO
27 avqust 2026 17:32 (UTC +04:00)

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - Nəticə "Rekordlar Kitabı"na düşdü - VİDEO

0

“RhinoShield” şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sınaq bu il iyunun 24-də İsveçdəki Esrange Kosmik Mərkəzində “RhinoShield” və Böyük Britaniyanın “Sent Into Space” aerokosmik şirkətinin iştirakı ilə həyata keçirilib.

“AirX” qoruyucu üzlüyünə yerləşdirilən "iPhone 17 Pro" xüsusi stratosfer şarı ilə 30 607 metr yüksəkliyə qaldırılıb. Daha sonra smartfon heç bir paraşüt və əlavə qoruyucu vasitə olmadan sərbəst buraxılıb. Ginnes bunu “qoruyucu üzlükdə olan mobil telefonun təbii relyef üzərinə ən yüksəkdən düşməsi” kateqoriyasında dünya rekordu kimi təsdiqləyib.

25 dəqiqə havada qaldı

Telefonun Yerə enməsi təxminən 25 dəqiqə çəkib. Sınaq zamanı stratosferdə temperatur mənfi 40-60 dərəcə arasında dəyişib, atmosfer təzyiqi isə dəniz səviyyəsindəki normal göstəricinin təxminən 1 faizi qədər olub.

Enişdən sonra telefon İsveçin yaşayış olmayan meşəlik ərazisində GPS vasitəsilə axtarılıb. Ginnesin məlumatına görə, axtarış qrupu cihazı tapmaq üçün beş saatdan çox vaxt sərf edib.

Telefon işləməyə davam edib

Cihaz tapıldıqdan sonra onun vəziyyəti və əsas funksiyaları yoxlanılıb. Telefonun korpusunun və ekranının bütöv qaldığı, cihazın açılıb-söndüyü, zəng qəbul edib edə bildiyi və foto çəkdiyi təsdiqlənib.

“AirX” üzlüyünün konstruksiyası avtomobillərdəki təhlükəsizlik yastıqlarından və idman ayaqqabılarında istifadə edilən hava amortizasiya texnologiyasından ilhamlanaraq hazırlanıb. Üzlüyün daxilində zərbə enerjisini yaymağa kömək edən hava yastıqları və telefonu bütün tərəflərdən qoruyan struktur mövcuddur.

İstehsalçı bildirir ki, üzlük tək materialdan hazırlanıb və tamamilə təkrar emal edilə bilər. “AirX” 2026-cı ildə “iF Design Award” və “Red Dot Design Award” mükafatlarına da layiq görülüb.

Qeyd edək ki, sınaq “AirX” qoruyucu üzlüyünün imkanlarını nümayiş etdirmək məqsədilə keçirilən reklam kampaniyasının bir hissəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar