Slovakiyada arxeoloqlar təxminən 7 min il əvvələ aid kütləvi məzarlıq aşkar ediblər. Məzarlıqda başları olmayan 77 insan skeleti tapılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, eramızdan əvvəl 5250-4950-ci illərə aid edilən məzarlıq ölkənin cənub-qərbində yerləşən Vrabl-Velke-Leqembi neolit yaşayış məskənində aşkarlanıb.
Almaniyanın Kil Universiteti və Slovakiya Elmlər Akademiyasının alimləri burada 2012-ci ildən etibarən xətti-lentli keramika mədəniyyətinə aid ən iri yaşayış məskənlərindən birini tədqiq edirlər. Qazıntılar zamanı yaşayış məskəninin bir hissəsini əhatə edən xəndəyin dibində üst-üstə yerləşdirilmiş onlarla başsız insan cəsədi aşkar edilib. Maraqlıdır ki, yalnız bir uşağın skeletinin başı yerində qalıb.
Professor Martin Furholt və antropoloq Katarina Fuksun rəhbərlik etdiyi tədqiqat qrupu bildirir ki, boyun fəqərələrində aşkar olunan izlər insanların edam edilmədiyini göstərir. Onların sözlərinə görə, başlar ölüm baş verdikdən sonra iti alətlər vasitəsilə xüsusi ritual çərçivəsində bədəndən ayrılıb.
Alimlər hesab edirlər ki, skeletlərin başları sonradan başqa yerə aparılıb. Bir neçə kiçik fraqment istisna olmaqla, kəllə sümükləri tapılmayıb. Tədqiqatçılar bunun həmin dövrün dini və ya ictimai ayinləri ilə bağlı ola biləcəyini ehtimal edirlər. Sümüklərin vəziyyəti göstərir ki, cəsədlər öldükdən qısa müddət sonra torpağa verilib və uzun müddət açıq havada qalmayıb.
Professor Martin Furholt vurğulayıb ki, bu dəfn mərasimləri müasir insanların dünyagörüşündən tamamilə fərqli inanclar sisteminin tərkib hissəsi olub. O qeyd edib ki, bu ayinlərin dəqiq mənasını müəyyənləşdirmək çətin olsa da, həmin dövrdə münaqişə və ya sosial böhranların yaşanması ehtimalı da istisna edilmir.
Hazırda alimlər 77 başsız skelet üzərində DNT analizləri, izotop tədqiqatları və ətraflı osteoloji araşdırmalar aparırlar. Bu tədqiqatlar vasitəsilə dəfn olunan insanların yaşı, cinsi, qidalanma tərzi, mənşəyi və bir-biri ilə qohumluq əlaqələri müəyyənləşdirilməyə çalışılır.