“TikTok-a aludə olan” qadın işdən 500.000 dollar oğurlayıb və onu sevimli bloqçuları üçün hədiyyələrə xərcləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Ketri Qrinol mühasibat meneceri kimi çalışıb və daha sonra mühasib vəzifəsinə yüksəlib. Bu müddət ərzində o, müdirin etibarından və maliyyə sistemlərinə çıxış imkanından istifadə edərək 121 icazəsiz əməliyyat həyata keçirib. O, maliyyə sənədlərini manipulyasiya edərək şəxsi bank hesabına pul köçürüb, təxminən 500.000 dollar oğurlayıb.
Öz etirafına görə, o, bu pulun 400.000 dollarını sevimli TikTok bloqçuları üçün hədiyyələrə xərcləyib. Britaniyalı qadının vəkili bildirib ki, qadında sosial şəbəkəyə aludəçilik yaranıb və pulun böyük hissəsi əyləncəyə xərclənib. Bundan əlavə, o, səyahətə, otellərə, alış-verişə, “Amazon” alışlarına və ailə vəkilinin xidmətlərinə böyük məbləğdə pul xərcləyib.
Şirkət rəhbərliyi mənfəətin azaldığını görüb izahat istədikdə, Qrinol araşdırma aparacağına söz versə də, əvəzində 27 min dollar məbləğində son köçürmə edib və qohumunun uydurma xəstəliyini əsas gətirərək ofisi tərk edib. Daha sonra o, dələduzluğunu etiraf edib və həbs olunub.