Piramidalar necə tikilib? - Sadə üsul
23 yanvar 2026 14:12 (UTC +04:00)

Piramidalar necə tikilib? - Sadə üsul

0

Misir piramidalarının necə tikildiyi barədə sual qədər mübahisə doğuran başqa mövzu demək olar ki, yoxdur. Bəziləri bunu qədim möcüzə texnologiyaları ilə izah etməyə çalışır, digərləri isə daha məntiqli və elmi əsaslı cavab axtarır. Arxeoloqlar uzun illərdir piramidaların minlərlə fəhlənin ağır daş bloklarını əl gücü ilə daşıması nəticəsində inşa edildiyini müdafiə edir. Lakin son dövrlərdə ortaya çıxan bir yanaşma daha sadə görünür və məhz bu sadəliyi elmi narahat edir. Söhbət daşların daşınmasını asanlaşdırmaq üçün su və qumdan istifadə edilməsi hipotezindən gedir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, qum nəmləndirildikdə sürtünmə azalır və ağır yüklərin hərəkəti xeyli yüngülləşir.

Laboratoriya şəraitində aparılan təcrübələr də bunu təsdiqləyib ki, qumun üzərinə su töküldükdə müqavimət qüvvəsi demək olar ki, iki dəfə azalır. Bu isə o deməkdir ki, daş blokları mürəkkəb mexanizmlər olmadan, daha az sayda insanın köməyi ilə hərəkət etdirmək mümkün olub.

Buna baxmayaraq, bir çox Misirşünas alimlər bu üsulu dərhal qəbul etməyə tələsmir. Səbəb isə sadədir. Bu yanaşma piramidaların tikintisi ilə bağlı formalaşmış “nəhəng işçi orduları”“mürəkkəb mühəndislik sistemləri” obrazını sarsıdır.

Lakin faktlar öz sözünü deyir. Qəbir divarlarında olan təsvirlərdə işçilərin daşları daşımazdan əvvəl qumu suladığı səhnələr yer alır. Bu, sadəcə fantaziya deyil, qədim dövrə aid real praktikaya işarə edən vizual sübut kimi qiymətləndirilir.

Skeptiklər isə bu metodun daşların hündürlüyə necə qaldırıldığını izah etmədiyini iddia edirlər. Ancaq hipotezin tərəfdarları xatırladır ki, bunun üçün maili rampalardan istifadə olunub və bu, arxeoloji tapıntılarla da təsdiqlənir.

Mütəxəssislərə görə, rampalarla nəmləndirilmiş qumun birgə istifadəsi “gizli texnologiyalar” haqqında iddialardan daha məntiqli görünür. Bu üsul fantastik fərziyyələr tələb etmir və qədim insanların imkanları çərçivəsində tam uyğun gəlir.

Tarixçilər qeyd edirlər ki, misirlilər təbiət şərtlərindən istifadə etməyi yaxşı bacarırdılar. Nil çayı onlara təkcə həyat vermirdi, eyni zamanda tikinti prosesində texnoloji üstünlüklər də yaradırdı.

Bu yanaşmanı qəbul etsək, piramidalar artıq əlçatmaz bir sirr kimi görünmür. Onlar daha çox müşahidə qabiliyyəti, praktiki düşüncə və zəhmət nəticəsində ərsəyə gəlmiş möhtəşəm bir insan işi kimi dəyərləndirilir.

Müasir oxucu üçün bu izah bir qədər məyusedici səslənə bilər. Çünki anlaşılmaz tikinti möcüzəsi mifləri uzun illər insanların təxəyyülünü qidalandırıb. Amma məhz miflərdən imtina etmək tarixi daha dürüst edir. Elmdə isə dürüstlük hər zaman sensasiyadan daha qiymətlidir.

Piramidalar yenə də insan iradəsinin və əzmkarlığının ən böyük abidələrindən biri olaraq qalır. Hətta onların tikintisi nə qədər sadə izah olunsa belə, qədim ustalara olan hörmət bir o qədər artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar