“American Airlines” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərdən birinin aqressiv davranışı səbəbindən uçuşun marşrutu dəyişdirilib. Hadisə zamanı kişini sakitləşdirmək mümkün olmadığından o, oturacağa yapışqan lentlə bağlanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Dallasdan Nyuarka uçan reysdə baş verib.
Məlumata görə, söhbət 67 yaşlı Artur Leyn Lundindən gedir. Şahidlərin sözlərinə görə, kişi uçuş zamanı aqressiv davranmağa və nalayiq ifadələr işlətməyə başlayıb.
Sərnişinləri dişləməyə çalışıb
Hadisənin şahidlərindən, keçmiş polis əməkdaşı Xuan Mexia bildirib ki, Lundin onu dişləyib. Digər sərnişin Riçard Olenik isə kişinin onu da dişləməyə cəhd etdiyini deyib.
Şahidlərin iddiasına görə, Lundin iki nəfərə zərbə vurduqdan sonra irqçi və homofob ifadələr də işlədib.
Mexia, Olenik və daha bir sərnişin aqressiv kişini zərərsizləşdirməyə çalışıblar. Təyyarə bələdçiləri onlara plastik bağlayıcı veriblər, daha sonra isə Lundin oturacağına yapışqan lentlə bərkidilib.
Olenikin sözlərinə görə, bu tədbir kişinin hərəkət imkanlarını azaltsa da, onu tam sakitləşdirməyib.
“Yenə də müqavimət göstərir, itələyir və ayağa qalxmağa çalışırdı”, - sərnişin bildirib.
Təyyarə məcburi eniş edib
Hadisə səbəbindən təyyarənin marşrutu dəyişdirilib və hava gəmisi Merilend ştatında eniş edib.
Təyyarə yerə endikdən sonra nəqliyyat polisi Lundini saxlayaraq təyyarədən çıxarıb. Bundan sonra reys əvvəlcədən planlaşdırılan istiqamət üzrə Nyuarka uçuşunu davam etdirib.
Mediada yayılan məlumata görə, 67 yaşlı kişiyə qarşı ikinci dərəcəli hücum və ictimai asayişi pozma ittihamları irəli sürülüb. Onun növbəti məhkəmə iclasının oktyabrın 19-na təyin edildiyi bildirilir.
İşindən də qovuldu
Hadisədən sonra Lundinin çalışdığı “Long Realty” daşınmaz əmlak şirkəti onunla əməkdaşlığı dayandırıb.
Şirkətdən bildirilib ki, əməkdaşlarının kommersiya təyyarəsində baş verən insidentlə bağlı cinayət ittihamları ilə üzləşdiyini öyrəndikdən dərhal sonra onunla əlaqələr kəsilib.
Açıqlamada qeyd olunub ki, həmin şəxs artıq şirkətlə əlaqəli deyil və “Long Realty”ni hər hansı formada təmsil etmək hüququna malik deyil.
Şirkət sərnişinin davranışının peşəkarlıq, dürüstlük, mərhəmət və digər insanlara hörmət prinsiplərinə zidd olduğunu vurğulayıb.
Aviaşirkətdən açıqlama
“American Airlines” də sentyabrın 3-də 618 nömrəli reysin sərnişinlərdən birinin aqressiv davranışı səbəbindən marşrutunu dəyişdiyini təsdiqləyib.
Aviaşirkətin məlumatına görə, təyyarə eniş etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişini hava gəmisindən çıxarıblar və reys daha sonra təyinat məntəqəsinə doğru davam edib.
Şirkət sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin əsas prioritet olduğunu, təyyarədə zorakı davranışın qəbuledilməz sayıldığını bildirib.