İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən sualtı rabitə kabellərini hədəfə ala biləcəklərini açıqlayıb.
Lent.az xəbər verir ki, bu təhdid qlobal internet və ticarət məlumatlarının ötürülməsində mühüm rol oynayan rəqəmsal infrastrukturun təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Korpusun sözçüsü Hüseyn Möhibbi bildirib ki, boğazdan keçən internet kabelləri hədəfə alına bilər.
Kabellər kəsilərsə, nə baş verər?
Avropa ilə Asiya arasındakı məlumat axınının əsas marşrutlarından biri olan Qırmızı dəniz xətti zədələnərsə, məlumat trafiki Hörmüz boğazı və Fars körfəzi üzərindən keçən alternativ xətlərə və ya Rusiya ərazisindəki quru marşrutlarına yönləndirilə bilər.
Lakin həm Qırmızı dənizdəki, həm də Hörmüz boğazındakı kabellərin eyni vaxtda hədəfə alınması Asiya ilə Avropa arasında rəqəmsal əlaqəni demək olar ki, iflic edə bilər. Bu, qlobal maliyyə sistemində, təchizat zəncirlərində və bulud hesablama infrastrukturunda ciddi problemlər yarada bilər.