Üçüncü Sərdar:  Qabaqda oturmaq olmaz! - ONU TANI
18 may 2022 20:15 (UTC +04:00)

Üçüncü Sərdar: Qabaqda oturmaq olmaz! - ONU TANI

Stomatoloq Qurbanqulu, müəllimə Oğulgərəyin ailəsində ilk övladı idi. Ailədə ondan başqa Gülcahan və Gülşən adlı iki bacısı da böyüyürdü. 
Adın Sərdar qoymuşdular. O zaman nə diş həkimi Qurbanqulu, nə onun xanımı Oğulgərəyin ağlına da gəlməzdi ki, çox yox, 40 ildən sonra bu balaca uşaq böyüyüb doğulduğu ölkənin sərdarı olacaq. 

Bir qədər rəsmiyyətə varıb, gələcək sərdarın  həyat yoluna nəzər salaq. Sərdar Berdiməhəmmədov 1981-ci il sentyabrın 22-də Türkmənistanın paytaxtı Aşqabadda doğulub. Türkmən Kənd Təsərrüfatı Universitetini bitirib, yeyinti sənayesi sahəsində məsul postlar tutub.

2008-2011-ci illərdə Türkmənistanın Rusiyadakı səfirliyində çalışıb, daha sonra BMT-nin Cenevrədəki ofisində diplomatik xidmət keçib.
5 ildən sonra vətəninə qayıdıb. Türkmənistanın Karbohidrogen Ehtiyatları Agentliyinin direktor müavini olub, 2016-cı ildən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Departamentinə başçılıq edib. Elə həmin ildəcə parlamentin deputatı seçilib, xarici işlər nazirinin müavini, sənaye naziri postlarını tutub.

Ötən il fevralın 11-dən isə Nazirlər Kabineti sədrinin müavini təyin olunub. 
Sərdar Berdiməhəmmədov texnika elmləri doktorudur. Yeri gəlmişkən, o, bir il ərzində həm namizədlik, həm də doktorluq dissertasiyasını müdafiə edə bilib.

Bu il fevralın 11-də Türkmənistanın ikinci prezidenti, Sərdarın atası Qurbanqulu Berdiməhəmmədov tezliklə istirahətə getməyə hazırlaşdığını bildirdi. 64 yaşlı ata Berdiməhəmmədov “peyğəmbər yaşına” çatdığını və gənclərə yol vermək lazım gəldiyini dedi. Amma o, oğlunun adını çəkmədi. Eyni zamanda prezidentliyindən sonra nə işlə məşğul olmağı planlaşdırdığını da açıqlamadı. 

Amma nəinki Türkmənistan, bütün dünya bilirdi ki, ölkənin yeni sərdarı, üçüncü prezidenti Sərdar Berdiməhəmmədov olacaq. 
Bu il, martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində 3 milyon 460 min 80 seçici iştirak etdi, onların da təxminən 73 faizi 41 yaşlı Sərdara səs verdi.
Onun prezident seçilməsindən az sonra beynəlxalq ekspertlər təxminən belə qənaətə gəlmişdilər: “Sərdar yavaş-yavaş menecerlərdən və məsləhətçilərdən ibarət komanda formalaşdırır, amma hələ bunu göz qabağında etmir. Bu komanda hələ ki, köhnə nomenklaturaya qarşı gücə - onun partiyasına çevrilməyib. Amma atasının ona nə dərəcədə müstəqillik verəcəyi aydın deyil”.

Sərdar 2001-ci ildə, 20 yaşında ailə qurub.

Onun həyat yoldaşının adı türkmənlərin özlərinə belə bəlli deyil. Bəzi mənbələrin məlumatına görə, bir oğlu, üç qızı var. Oğlu Kərimqulu babası Qurbanqulunun ən sevimli nəvəsidir. Qızlarının isə ikisinin adı məlumdur: Oğulbəbək və Aygül. 

Onun ailəsi, yaşam tərzi, həyatı barədə də heç nə açıqlanmır. Məlum olan bircə budur ki, Kopetdağın ətəyində, Firuzə çayı yaxınlığındakı iqamətgahda yaşayırlar.
Yeni prezidentin hobbisi, maraqları, işdən sonrakı fəaliyyəti ilə bağlı da xalqa heç nə məlum deyil.  Bircə o məlumdur ki, axaltəkə atları və alabay itlərinə böyük marağı var.
Amma yeni prezident hakimiyyətinin ilk ayındaca  maraqlı qərarlar verdi. Məsələn, ölkədə dar geyim yasaqlanıb. Qadınlara yalnız milli geyimlərdən istifadə etmək məsləhət görülüb. Süni kirpiklər və dırnaqlar yasaqlanıb. Qadağanı pozan türkmənistanlı xanımları 15 sutkalıq inzibati həbs və ya böyük məbləğdə cərimə gözləyir.
Qadınlar Türkmənistanda avtomobildə yalnız ailə üzvünün və ya qohumunun müşayiəti ilə hərəkət edə bilərlər. O da yalnız axşam saat 20.00-dək, avtomobilin ön sərnişin oturacağında oturmamaq şərti ilə. Botoks zəhər sayılır. Ondan istifadə və Türkmənistana gətirilməsi qadağandır.
Qadağalara baxmayaraq xalqın arasına tez-tez çıxır.

Deyəsən, xalq da onu sevir...

# 9357
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar