Avstraliyada "Yer kürəsinin qara qutusu" adlı irimiqyaslı layihənin son hazırlıq işləri görülür. Məqsəd planetin iqlim vəziyyəti və bəşəriyyətin iqlim böhranına reaksiyası ilə bağlı məlumatları gələcək nəsillər üçün qoruyub saxlamaqdır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, layihə üzərində təxminən beş il işlənildikdən sonra onun müəllifləri qurğunun 2026-cı ilin sonunadək Tasmaniya adasında quraşdırılacağını təsdiqləyiblər.
Layihə 2021-ci ildə Avstraliyanın Rouser Lab qeyri-kommersiya təşkilatı tərəfindən başladılıb. Əsas məqsəd iqlim dəyişikliyi və ona qarşı görülən tədbirləri uzunmüddətli şəkildə sənədləşdirəcək daimi ekoloji məlumat arxivi yaratmaqdır. Məlumata görə, qurğunun əsas hissələri artıq yığılma mərhələsindədir.
Təyyarələrin "qara qutusu"ndan daha böyük olacaq
"Yer kürəsinin qara qutusu" adətən təyyarələrin uçuş radarları ilə müqayisə edilsə də, ölçülərinə görə onlardan xeyli böyükdür. Qurğunun uzunluğu 16 metr, hündürlüyü isə 4 metr olacaq. Tikintidə möhkəmləndirilmiş polad və betondan istifadə edilir.
Obyekt Tasmaniyada ucqar aerodromun yaxınlığında yerləşdiriləcək və fasiləsiz işləyərək ətraf mühit barədə məlumat toplayacaq.
Rouser Lab nümayəndələrinin sözlərinə görə, arxiv ən ağır ssenarilər nəzərə alınaraq hazırlanır. Layihənin rəsmi saytında bildirilir ki, qurğu siklon, zəlzələ, yanğın, daşqın və hətta mümkün hücumlara qarşı davamlı olacaq.
Qurğunun damına 36 günəş paneli quraşdırılacaq. Onlar məlumatların saxlanılması sistemini enerji ilə təmin edəcək.
Arxiv internet vasitəsilə dünyanın müxtəlif ölkələrindəki kosmik agentliklərdən, meteoroloji xidmətlərdən və universitetlərdən məlumat alacaq.
Toplanan bütün məlumatlar Vital Index adlı xüsusi bazada saxlanılacaq. Buraya ölçmələr, müxtəlif məlumat bazaları və planetdə baş verən dəyişikliklərlə bağlı digər qeydlər daxil ediləcək.
Layihə müəllifləri bildirirlər ki, bu, sadəcə məlumat anbarı deyil, daim yenilənən və yeni məlumatlarla zənginləşən "canlı" arxiv olacaq.