İsti hava orqanizmi gün ərzində daim gərgin vəziyyətdə saxlayır və axşama doğru insan özünü tamamilə halsız hiss edir. İstidən qorunmağın ən rahat yolu kondisionerdən istifadə olsa da, bu imkan hər yerdə yoxdur və hər kəs soyuq havaya yaxşı uyğunlaşmır. Buna baxmayaraq, kondisionersiz də evi sərin saxlamağın effektiv üsulları var. Bu baxımdan İspaniya evləri yaxşı nümunə hesab olunur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın əksər bölgələrində yay istisi Cənubi İtaliya və Yunanıstandakı qədər güclü olsa da, burada çoxlu evlər kondisionersizdir. İspanlar mənzillərini sərin saxlamaq üçün müasir texnologiya tələb etməyən, lakin kifayət qədər təsirli üsullardan istifadə edirlər.
Ən vacib qaydalardan biri günəş şüalarının evə daxil olmasının qarşısını almaqdır. Bunun üçün gündüz saatlarında pəncərələrin jalüzləri endirilir və ya qalın pərdələr bağlanır. Məqsəd evi qaranlıq etmək deyil, divarların və döşəmənin günəşdən isinməsinin qarşısını almaqdır. Düzgün kölgələndirmə otaqdakı temperaturu bir neçə dərəcə aşağı sala bilir. Digər mühüm üsul isə evi düzgün vaxtda havalandırmaqdır.
Səhər tezdən hava hələ sərin olarkən bütün pəncərələr açılır və sərin havanın otaqlar arasında dövr etməsinə şərait yaradılır. Günəş yüksəlib temperatur artmağa başlayan kimi isə pəncərələr bağlanır ki, isti hava içəri daxil olmasın.
İspanlar isti günlərdə açıq rəngli və nazik yataq dəstlərinə üstünlük verirlər. Evlərdə tez-tez soyuq su ilə isladılmış dəsmallardan istifadə olunur. Bu dəsmallar bədəni, xüsusilə də biləkləri sərinlətmək üçün tətbiq edilir. Bundan başqa, ventilyatorlardan da geniş istifadə olunur. Lakin ventilyatorun qarşısına soyuq su və ya buz dolu qab qoyulur ki, otağa yayılan hava daha sərin olsun.
İspaniyada gündəlik həyat tərzi də istiyə uyğunlaşdırılıb. Günün ən isti saatlarında insanlar mümkün qədər az hərəkət edir və evdə qalmağa çalışırlar. Fiziki fəaliyyət isə səhər tezdən və ya axşam sərinliyində planlaşdırılır.
Mütəxəssislərin fikrincə, bu vərdiş orqanizmin günün ən isti vaxtında artıq yüklənməsinin qarşısını alır və istinin mənfi təsirlərini azaltmağa kömək edir.