Tülkünün çimməyi
31 iyul 2010 15:00 (UTC +04:00)

Tülkünün çimməyi

Bu hadisə baş verəndə mənim on üç yaşım var idi. İndi 30 yaşım var. Aradan 17 il vaxt keçsə də o vaxt şahidi olduğum bu hadisənin bircə epizodunu belə unutmamışam. Uşaqların yaddaşı gizli dövlət arxivinə bənzəyir. Orada nəyinsə itmək, pozulub silinmək təhlükəsi yoxdur. İstəyirəm uzun illər əvvəlin bu unikal ilahi mənzərəsini oxucular da seyr eləsinlər...

Kəndimizin kənarındakı qamışlı qobunun kənarında dinməzcə oturub balıq gözləyirdim. Babam mənə öyrətmişdi ki, axar suyu olmayan yerdən balıq tutmaq istəyən adam gərək nəfəs almasın. Guya balıqlar qulaqlarını suyun dayaz yerinə dirəyib, çöldə baş verən hər şeyi eşidə bilirlər. Bir sözlə belə yerdə balıq tutmaq üçün quyruğunu suya qoymaq bəs eləmir, gərək nəfəsini də içinə qısasan. Mən də çömbəlmiş vəziyyətdə, yerimi balıqlara bildirməmək üçün lal-dinməz oturub uzun müddət idi ki, gözümü suya salladığım qarmağa dikmişdim. Birdən lap yaxınlıqda xışıltı eşitdim. Mənnən beş-altı metr aralıda suyun qırağında, üz-gözündən qoca olduğu hiss edilən bir tülkü dayanıb, qabaq ayaqlarını növbə ilə suyun üzünə qoyub çəkirdi. Onun ayaqlarını suya növbə ilə qoyub çəkməsi, eyni ilə hamama girən adamın əlləri ilə duşdan suyun hərarətini yoxlamasına bənzəyirdi. Tülkü də insan kimi hərarətin aşağı və ya yuxarı olmasın əlləri ilə çox ehtiyatla yoxlayırdı. Suyun hərarətini yoxlayandan sonra qayıdıb getdi. İstədim ayağa durub onun dalınca heç olmasa bir kəsək atam. Bu yerdə babamın nəsihəti yadıma düşdü və mən ancaq nağıllardan nifrət eləməyi öyrəndiyim tülkü lələni ürəyimdə daşlaya bildim. Əgər balıqlar ürəyimin səsini duya bilsəydilər yəqin, heç vaxt qobunun mən oturan tərəfinə ayaq basmazdılar...

Aradan bir-iki dəqiqə keçməmişdi ki, həmin tülkü ağzında da yekə bir qurumuş mal təzəyi qayıdıb gəldi. Bayaq suyun hərarətini yoxladığı yerə çatıb, dayandı. Arxasını suya çevirib quyruğunun ucunu ehmalca suya saldı. Təxminən, bir dəqiqədən sonra quyruğunun çöldə qalan hissəsini də asta-asta suya salmağa başladı. Bu səhnəni təsəvvür etmək lazımdı! Bu proses o qədər ehmalca və tələsmədən gedirdi ki, tülkünün quyruğu ancaq iyirmi dəqiqəyə suya tam daxil oldu. Sonra arxa ayaqlarını suya salıb, eyni sürətlə hərəkət elədi. Bütün bu müddətdə təzəyi ağzından bir dəfə də yerə qoymayıb əvvəlki kimi saxladı. Nə baş verdiyini heç cür anlaya bilmirdim. Ancaq mənzərə olduqca maraqlı idi deyə heç qarmağa tərəf gözümün ucu ilə də baxmırdım. Bu dəfə tülkü məni görməsin deyə lap aşağı yatmışdım. Bu minvalla, iki saatdan çox vaxt keçdi. Artıq tülkünün bədəninin yarısından çoxu suyun içində idi. Bir qədər sonra isə su onun boğazına çıxdı. Tülkü lələ isə hələ də təzəyi ağzından buraxmaq istəmirdi. Su onun ağzına çatanda ani bir hərəkətlə təzəyi burunun üstünə ötürdü və indi ancaq tülkünün uzun burnu ilə təzəkdən başqa heç nə görünmürdü. O bu vəziyyətdə qalıb burnunu təzəkdən ayırmır, nə də bayıra çıxmaq istəmirdi. Heyrət hissindən heç nə düşünə bilmirdim. Bu mənzərəni o qədər diqqətlə və həyəcanla izləyirdim ki, bir anlıq özümü tülkünün yerində, suyun altında hiss elədim və ondan fərqli olaraq boğulmağa başladım. Bu məqamda tülkü burunun ucundakı təzəyi nəhayət ki, buraxıb suya batdı və bir neçə saniyədən sonra bir metr kənarda çıxıb çölə sıçradı. Ağzını açıb suyun üzündəki təzəyə sevincək bir nəzər salıb möhkəmcə çırpındı. Tülkü elə çırpındı ki, onun bədənindən ətrafa sıçrayan damcılar mənim də üz-gözümə çiləndi. Çırpınan kimi də sevinə-sevinə qobu boyunca götürülüb gözdən itdi. Ayağa durub suyun üzündəki təzəyə yaxınlaşdım. Yenə də heyrət və dəhşət qarışıq bir hiss məni bürüdü - təzəyin üstündə babamın əli qalınlığında bit topası qaynaşırdı! Gözlərim parıldadı. İndicə gözümün qarşısında baş verən bu mənzərəni ani olaraq xatırladım. Tülkünün belə ustalıqla çimməyi və özünü bitdən təmizləməyi məni dəli eləmişdi. O bu çimməyi ilə mənim gözümdəki nağıllardan öyrəndiyim mənfi tülkü obrazını da yuyub apardı...

O vaxt elə bilirdim ki, bu mənim hələ uşaq ömründə qarşılaşdığım ilk belə maraqlı hadisədir və yaşa dolduqca hələ çox heyrətamiz təmizlənmə mənzərələrin şahidi olacam. Elə o vaxtdan tülkü ömrü yaşayan və təbii olaraq, başdan-başa çirkab içində olan adamların nə vaxtsa burnunun ucuna qədər suya girib təmizlənəcəyini gözlədim. Ancaq onlar bunu da sona qədər bacarmadılar...

Hər halda tülkü kimi yaşayanlar, elə tülkü kimi də çimsələr yaxşı olar... Asan deyil e, insanların gözündə pisdən yaxşıya doğru dəyişmək üçün gərək tülkü nümunəsi göstərəsən...

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar