ADNA-dakı terror aktından 2 il ötür
30 aprel 2011 10:00 (UTC +04:00)

ADNA-dakı terror aktından 2 il ötür

0
Lent.az-ın verdiyi xəbərə görə, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.


Cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onu da bildirək ki, ADNA-da baş verən kütləvi qətlin sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.
Mardan Qumaşyan barəsində beynəlxalq axtarış elan olunub. Onun barəsində cinayət işi ayrı icraatda aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1454

Oxşar yazılar