İyulda atəşkəsin pozulması nəticəsində 2 nəfər şəhid olub
01 avqust 2011 16:47 (UTC +04:00)

İyulda atəşkəsin pozulması nəticəsində 2 nəfər şəhid olub

0
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması ilə bağlı 53 fakt Qarabağ cəbhəsində, 15 fakt isə Ermənistan-Azərbaycan dövlət sərhədində qeydə alınıb.

Ötən ay Ermənistan Ordusunun əsas fəallaşması Qarabağ cəbhəsinin cənubunda – Füzuli rayonu istiqamətində müşahidə olunub. Ermənilər bu istiqamətdə atəşkəs rejimini 28 dəfə pozublar. Həmçinin Cəbrayıl rayonunun ərazisindəki Azərbaycan Ordusunun mövqeləri 5 dəfə ermənilərin atəşinə məruz qalıb.


Bundan başqa, cəbhənin mərkəzində - Ağdam rayonu istiqamətində atəşkəs rejimi 10, Xocavənddə 2, cəbhənin şimalında - Goranboyda 6, Göygöldə isə 2 dəfə pozulub.


Ermənistan-Azərbaycan dövlət sərhədində - Gədəbəy rayonu istiqamətində atəşkəs rejiminin pozulması ilə bağlı 6, Qazaxda 4, Tovuzda 3, Daşkəsəndə isə 2 fakt qeydə alınıb.


İyul ayında atəşkəsin pozulması və mina partlayışları nəticəsində biri hərbçi və biri mülki sakin (13 yaşlı qız - ermənilərin çayla axıtdığı bomba qoyulmuş oyuncağın partlaması nəticəsində həlak olub) olmaqla, 2 nəfər şəhid olub, biri hərbçi olmaqla, 3 nəfər (2-si qadın) yaralanıb. Yaralanan qadınlardan biri (Tovuz rayonunda) bomba qurulmuş oyuncağın partlaması, digəri isə (Qazax rayonunda) erməni snayperlərin açdığı atəş nəticəsində xəsarət alıb. Yaralanmış digər şəxs - hərbi qulluqçu isə Tərtər rayonu istiqamətində minaya düşüb.


Bundan başqa, İran-Azərbaycan dövlət sərhədində silahlı sərhəd pozuntusu ilə bağlı bir hadisə qeydə alınıb. Bu hadisə zamanı Azərbaycanın bir zabiti həlak olub.


Qeyd edək ki, APA-nın apardığı monitorinqin nəticələrinə görə, cari ilin yanvar-iyul aylarında - 7 ay ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 413 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36, mayda 80, iyunda 69, iyulda 68 dəfə) pozulub. Ümumilikdə, 2011-ci ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 10 hərbi qulluqçusu, 4 mülki sakin (2 uşaq və bir sakin minaya düşərək) şəhid olub, 12 nəfər isə (3 mülki sakin, biri minaya düşərək) yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar