(R) O Həzrətin Allaha tövbə etməsində yardım diləməsi
24 avqust 2011 14:05 (UTC +04:00)

(R) O Həzrətin Allaha tövbə etməsində yardım diləməsi

0
Ey o varlıq ki, təqvalıların əcri Sənin dərgahında itməz! Ey o varlıq ki, ibadətkarların qorxusu Ona yetişir (yəni yalnız Ondan qorxurlar)! Ey o varlıq ki, təqvalıların qorxusunun qayəsisən (sonusan)!
Bu insan, günahların əlində oyun-oyuncağa çevrilənlərin məqamıdır. Günahlar cilovu onu irəliyə çapmış, şeytan ona hakim olmuş və bu səbəbdən Sənin əmrlərinə itaət etməkdə səhlənkarlıq göstərmiş, nadanlıq və qürur ucbatından haram buyurduqlarına aludə olmuşdur.
Bu şəxs, Sənin onun üzərində olan iqtidarından xəbərsiz və ona bəxş etdiyin nemətləri danan şəxs kimidir. Hidayət gözü açıldığı, korluq gətirən buludlar önündən dağıldığı, özünə etdiyi zülmləri saydığı və Allaha qarşı çıxdığı işlər barədə düşündüyü vaxt etdiyi günahın böyüklüyünü və etdiyi müxalifətin əzəmətini dərk edər. Beləliklə, ümidvarlıqla və xəcalət çəkə-çəkə Sənə tərəf üz tutar, arxayın olub şövqlə Sənə tərəf yönələr, inam bəsləyib hərisliklə Sənə tərəf hərəkət edər və qorxduğu üçün ixlasla Sənə doğru gedər. Bir halda ki, Səndən qeyri heç kimə arxayın deyil və Səndən qeyri heç kimdən qorxmur.
Odur ki, dərgahında yalvarır, təvazökarlıqla gözünü yerə zilləyir və izzətin qarşısında zəlilliklə başını yerə dikir. Təvazökarlıqla Sənin daha yaxşı bildiyin böyük hadisələrdən və rüsvayçılığına bais olan pis əməllərdən izninlə Sənə pənah aparır. O günahlar ki, ləzzəti ötüb keçmiş, lakin ziyanı yerdə qalmış və onu yaxalamışdır.
İlahi, əgər bu bəndəni cəzalandırsan, Sənin ədalətini danmaz. Əgər onu bağışlasan və rəhm etsən, bu əfvini böyük hesab etməz. Çünki Sən, kərim Allahsan və böyük günahı bağışlamaq Sənin nəzərində böyük deyil.
İlahi, budur, əmrinə tabe halda dərgahına gəlmişəm. Ondan ötrü ki, Özün bizə dua etməyi əmr etmisən və Səndən duaları qəbul edəcəyin barədə verdiyin vədə vəfa etməyi diləyirəm. Çünki demisən: “Məni çağırın ki, duanızı qəbul edim!”
İlahi, Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər və günahlarımı etiraf edib Sənə tərəf üz tutduğum kimi, Sən də mənimlə məğfirətinlə davran. Qarşında kiçildiyim kimi, Sən də məni günah uçurumundan qaldır. Məndən intiqam almağı yubandırdığın kimi, günahlarımın da üstünü ört.
İlahi, Sənə itaət etməkdə qərarımı qəti et, Sənə ibadət etməkdə dərkimi qüvvətli et, dünyadan getdikdə məni Özünün və peyğəmbərinin dini ilə öldür.
İlahi, elə buradaca böyük və kiçik, gizli və aşkar günahlarım və keçmiş və yeni səhvlərim üçün daha günah xəyalına düşməyən və yenidən günah işlətməyi düşünməyən bir kəs kimi tövbə edirəm.
İlahi, Özün möhkəm Kitabında buyurmusan ki, bəndələrinin tövbəsini qəbul edir, günahları bağışlayır və tövbə edənləri sevirsən. Bəs, verdiyin bu vədə görə, tövbəmi qəbul et, zəmanət verdiyin üçün günahlarımı bağışla və şərt kəsdiyin kimi, məhəbbətini mənə vacib et.
İlahi, mən də bu qədər lütfkarlığının qarşısında söz verirəm ki, Sənin bəyənmədiyin işlərə tərəf dönməyim. Zəmanət verirəm ki, məzəmmət etdiyin işlərə qayıtmayım və əhd-peyman bağlayıram ki, bütün günahlardan uzaqlaşım.
İlahi, Sən mənim əməllərimdən agahsan! Bəs, xəbərdar olduğun əməllərimi bağışla və qüdrətinlə məni sevdiyin işlərə tərəf yönəlt.
İlahi, boynumda bəzilərini xatırladığım və bəzilərini unutduğum giriftarçılıqlarım var. Bunların hamısı Sənin yuxuya getməyən gözlərinin və unutqanlığa düçar olmayan elminin qarşısındadır. Bəs, bu giriftarçılığın əvəzində sahiblərinə əcr ver. Bu giriftarçılığı məndən uzaqlaşdır, onun ağırlığını mənim üzərimdən götür və onlara oxşar giriftarçılıqlara düçar olmaqdan məni qoru. Sənin qüvvən olmasa, günahlardan qoruna bilmərəm. Odur ki, məni yetərincə qüvvətləndir və məni günahdan qorumağı öhdənə götür.
İlahi, əgər hər hansı bir bəndən Sənə tərəf qayıtsa və Sən də qeybi elminlə onun tövbəsini sındıraraq, günah və xətaya dönəcəyini bilsən, mən belə bir bəndə olmaqdan Sənə pənah aparıram. (İlahi) Elə et ki, bu tövbədən sonra başqa bir tövbəyə möhtac olmayım. Elə bir tövbə ki, keçmiş günahlarımın silinməsinə və ömrümün qalan hissəsində günahlardan amanda qalmağıma bais olsun.
İlahi, nadanlığıma görə Səndən üzr istəyirəm və pis əməllərim üçün bağışlanmaq diləyirəm. Bəs, ehsanın sayəsində məni mərhəmətinə sığındır və fəzlin sayəsində məni salamatlıq libasına büründür. İlahi, istəyinin əksinə olan və ya məni Sənin məhəbbətindən kənar edən hər bir şey üçün və hər bir ürəyimdən keçənlər, hər bir baxışlarım və danışıqlarım üçün tövbə edirəm! Elə bir tövbə ki, hər bir üzvüm ayrı-ayrılıqda əzabından və günahkarların qorxduğu qəzəbindən amanda qalsın.
İlahi, qarşındakı bu tənhalığıma, qorxundan olan bu ürək çırpıntıma və heybətindən cismimin tir-tir əsməsinə rəhm et. Ey Rəbbim, çünki günahlarım məni Sənin qarşında rüsvay etmişdir.
İlahi, Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər və kərəmini mənim günahlarıma şəfaətçi qərar ver, əfvinlə günahlarımı bağışla, məni layiq olduğum cəzaya əzabınla cəzalandırma. Mənə qarşı ehsanmı bol et, məni əfvinə büründür. (İlahi) Mənimlə zəlil bir qulun diləndiyi üçün ona əl tutan varlı şəxs kimi davran.
İlahi, mənim Səndən qaçıb, sığınacaq bir yerim yoxdur! Bəs, gərək izzətin mənə pənah versin. Sənin qarşında heç bir şəfaətçim yoxdur! Bəs, gərək fəzlin şəfaətçim olsun. Günahlarım məni vahiməyə salıb. Bəs, gərək əfvin məni arxayınlaşdırsın.
İlahi, əgər peşmançılıq, tövbə etməkdirsə, mən hamıdan çox peşmanam. Əgər günahı tərk etmək, tövbə sayılırsa, mən hər kəsdən əvvəl tövbə edənəm. Əgər bağışlanmaq diləmək günahların məhv olmasına səbəb olursa, mən dərgahında bağışlanmaq diləyənlərdənəm.
İlahi, tövbə etməyi əmr etdiyin və onun qəbul olunmasına zəmanət verdiyin kimi, dua etməyə rəğbətləndirdiyin və onun qəbul olunmasını vəd etdiyin kimi, – bəs Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər – tövbəmi qəbul et və məni Öz rəhmətindən naümid geri qaytarma! Həqiqətən, Sən, günahkarların tövbəsini qəbul edən və Sənə doğru qayıdan günahkarları bağışlayansan!
İlahi, Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər; çünki onun vasitəsilə bizi hidayət etmisən. Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər, çünki onun vasitəsilə bizə nicat vermisən. Məhəmməd və onun pak Əhli-beytinə salavat göndər. Elə bir salavat ki, Qiyamət günündə və Sənə möhtac olduğumuz gündə, bizə şəfaətçi olsun. Həqiqətən, Sən, hər şeyə qadirsən və bu iş Sənin üçün asandır!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar