“6549 manat maaş alırdım, öz puluma təmir etdiridim” - 7 körpənin  öldüyü  məkanın direktoru
25 fevral 2026 11:26 (UTC +04:00)

“6549 manat maaş alırdım, öz puluma təmir etdiridim” - 7 körpənin öldüyü məkanın direktoru

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən “Respublika Perinatal Mərkəzi”in sabiq direktoru Mehriban Abbasquliyevanın ifadəsi ilə davam edib:

"Mərkəzin maliyyə büdcəsi TƏBİB-dən təsdiq olunur. Çatışmazlıqlar vardı və 2023-cü il büdcəsinə əlavə imkanımız olmayıb. Qazanxananın və buxar qazanlarının yararsız olması istilik problemi yaratmışdı. Bu tələbatı nəzərə alaraq, yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə mərkəzin qazanxanası təmir edilmişdir. Havalanma sisteminin nasazlığına görə, zərərli qazlar işçi və xəstələrin səhhətinə mənfi təsir göstərirdi. Biz bunu 2023-cü ilin dekabr və yanvarında təmir etdik. Mərkəzə quruducu paltaryuyan maşınlar, əczaçılıq soyuducu aldıq. Mərkəzin damı yağış zamanı axıtdığından binaya su sızırdı, təmir etdik. İşıq sistemi xarab olduğundan tibbi avadanlıqların fəaliyyətinə pis təsir edirdi. Buna görə  işıq generatorunu təmin etdik. Mən öz şəxsi vəsaitimdən pul xərcləmişəm çatışmamazlıqların düzəldilməsi üçün. Məlumat üçün  deyim ki, maaşım 6549 manatdır. Maaşımdan təmirə pul ayırdığım hallar olub. Belə olan halda necə demək olar ki, mən vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? Hər hansı tədbirdən sonra gec saatlara qədər işdə olmağıma baxmayaraq, səhər tezdən iş başında olurdum. Ümumiyyətlə binanın  əsaslı təmirinə 2 mln 705 min pul tələb olunurdu".

Məhkəmə tərkibi  ifadəyə 4 mart saat 09:30-da  davam ediləcəyini bildirib.

Xatırladaq ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub. Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib. Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Eyni zamanda  cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin  Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar