Alimlər hüceyrələrdə “qoxu hissi ” yaratdılar – TƏDQİQAT
29 oktyabr 2025 03:54 (UTC +04:00)

Alimlər hüceyrələrdə “qoxu hissi” yaratdılar – TƏDQİQAT

0

İsveçrəli tədqiqatçılar laboratoriyada hüceyrələri qoxu reseptorları kimi işləməyə məcbur edərək, qoxuların necə hiss edildiyini araşdırmaq üçün yeni üsul yaradıblar. Bu yenilik qoxu mexanizmini izah edən və 2004-cü ildə Nobel mükafatı qazandıran məşhur “kombinator kodlaşdırma” nəzəriyyəsinə meydan oxuya bilər.

Lent.az “Science” elmi nəşrinə istinadla xəbər verir ki, əvvəllər alimlər qoxu reseptorlarını laboratoriyada öyrənməkdə çətinlik çəkirdilər. Çünki bu reseptorlar adətən burundakı neyronlarda yerləşir və başqa hüceyrələrdə ifadə olunması çox çətin idi. “Givaudan” şirkətinin tədqiqatçıları problemin həlli üçün yeni üsul hazırlayıblar. Onlar reseptor zülalının strukturuna kiçik dəyişiklik edərək, laboratoriya şəraitində bu zülalların daha asan yaranmasını təmin ediblər. Yeni sistem sayəsində alimlər müəyyən qoxulara, məsələn, kəhrəba, qreypfrut və paçuli kimi maddələrə, xüsusi reaksiya verən reseptorları müəyyənləşdirə biliblər. Bu da bəzi qoxuların tək bir reseptor tərəfindən hiss edilə biləcəyini göstərir.

Tədqiqatın rəhbəri Andreas Natş bildirib ki, bu kəşf həm elm, həm də ətir sənayesi üçün böyük irəliləyiş ola bilər. Lakin mütəxəssislər hələ nəticələrin tam təsdiqlənmədiyini və bəzi qoxular üçün uyğun reseptorların tapılmadığını qeyd edirlər.

Alimlər ümid edirlər ki, bu üsul gələcəkdə qoxuların beyin tərəfindən necə qəbul edildiyini daha dərindən anlamağa və yeni ətir tərkibləri yaratmağa kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar